“Tvente” azarkeşləri klubun yeni transferini “topa tutdu”
Niderlandın “Tvente” klubunun futbolçusu Vaut Veqhorst “Qarabağ”la UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra da tənqidlərə tuş gəlib.
Sportify.az xəbər verir ki, 34 yaşlı hücumçu bu yay “Tvente”yə keçsə də, ilk oyunlarda gözləntiləri doğrultmayıb.
Veqhorst keçirdiyi ilk 5 matçda cəmi 1 qol vurub.
“Qarabağ”la oyunda da zəif təsir bağışlayan hücumçu 60-cı dəqiqədə baş məşqçi Con van den Brom tərəfindən əvəzlənib. Onun əvəzinə meydana daxil olan Sem Lammers tribunalar tərəfindən alqışlarla qarşılanıb.
“Tvente” azarkeşləri sosial şəbəkələrdə Veqhorstu sərt tənqid ediblər.
“Veqhorstu göndərmək lazımdır. Daha onu oynatmaq olmaz. O, bütün komandanı aşağı çəkir. Çox təəssüf”, – azarkeşlərdən biri yazıb.
Digər tərəfdar isə “Veqhorst bütün oyun boyu meydanda nə işi olduğunu sübut etməyə çalışırdı. Lammersin cəmi bir epizodu göstərdi ki, hücumda kimin oynaması lazımdır” fikrini bildirib.
Başqa bir azarkeş isə hücumçunun oyununu belə qiymətləndirib: “Nə vaxta qədər ona şans veriləcək? Toplar ayağından qaçır, kombinasiyalar alınmır, komanda yoldaşları ilə heç bir anlaşması yoxdur”.
“Tvente”nin baş məşqçisi Con van den Brom da Veqhorstun “Qarabağ”la matçda zəif oynadığını etiraf edib. Buna baxmayaraq, niderlandlı mütəxəssis hücumçunu əsas heyətdən çıxarmaq niyyətində olmadığını bildirib.
Van den Bromun sözlərinə görə, Veqhorst gələn həftə keçiriləcək cavab oyununda da start heyətində yer alacaq.
Azarkeşlərin böyük hissəsi isə Sem Lammersin əsas heyətdə meydana çıxmasını istəyir.
Qeyd edək ki, Vaut Veqhorst “Tvente”yə “Ayaks”dan keçib. O, əvvəllər bir sıra məşhur klublarda, o cümlədən, Türkiyə “Beşiktaş”ında və İngiltərə “Mançester Yunayted”ində də çıxış edib.



No Comment! Be the first one.