Çempionlar Liqası: "Sabah" əsas mərhələdə! - YENİLƏNDİ
“Sabah” komandası UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.
Sportify.az xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçi olduğu kollektiv pley-off raundunda İsrail təmsilçisi “Hapoel Beer Şeva”nı iki oyunun yekununda üstələyib.
İlk matçda 1:2 hesabı ilə məğlub olmuş Azərbaycan klubu bu gün Tofiq Bəhramov adına Respublika stadionundakı cavab görüşündə qələbəyə nail olub.
Hesabı 10-cu dəqiqədə “Sabah”ın qapıçısı və kapitanı Stas Pokatilovun səhvindən sonra rəqib hücumçu İqor Zlatanoviç açıb. Serbiyalı hücumçu 35-ci dəqiqədə zədələnərək, əvəzlənib.
Bundan 3 dəqiqə sonra “Sabah”ın yeni transferi Kristian Nvaçukvu hesabı bərabərləşdirib.
İkinci hissədə də ilk qolu qonaqlar vurub. Bu dəfə də Pokatilov kobud səhvə yol verib və Qay Mizrahi bu “hədiyyə”dən faydalanıb.
Lakin “Sabah” ruhdan düşməyib. 74-cü dəqiqədə Umarali Raxmonaliyev uzaqdan qüvvətli zərbə ilə bərabərliyi təmin edib. Sonluğa doğru isə Dambrauskas əvəzləmələrə əl atıb və meydançaya daxil olan Tellur Mütəllimov 90+4-cü dəqiqədə fərqlənərək, matçı əlavə vaxta aparıb.
Növbəti 30 dəqiqəlik bölümdə hər şey “Sabah”ın xeyrinə olub. 100-cü dəqiqədə “Hapoel Beer Şeva”nın futbolçusu Cibril Diop ikinci sarıdan qırmızı vərəqə ilə meydançadan qovulub. Bundan cəmi bir dəqiqə sonra Orfe Mbina cərimə zərbəsindən sonra başla topu qonaqların qapısına göndərib.
Lakin bu da oyunda son qol olmayıb. 115-ci dəqiqədə Coy Lens Mikels yekun nəticəni müəyyənləşdirib – 5:2.
Beləliklə, “Sabah” tarixində ilk dəfə Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlib.
Azərbaycan isə ardıcıl ikinci, tarixdə isə üçüncü dəfə Avropanın ən nüfuzlu klub turnirinin əsas mərhələsində təmsil olunacaq. Daha əvvəl “Qarabağ” 2 dəfə bu hüququ qazanıb.
——————————-
Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Sabah” və İsrailin “Hapoel Beer Şeva” komandaları arasında cavab görüşü keçiriləcək.
Sportify.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşmanı rumıniyalı hakimlər briqadası idarə edəcək.
İlk görüşdə “Hapoel Beer Şeva” 2:1 hesablı qələbə qazanıb. Bu səbəbdən, “Sabah”a mütləq qələbə lazımdır.
Cütün qalibi ilk dəfə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanacaq. Məğlub komanda isə yoluna Avropa Liqasının Liqa mərhələsində davam edəcək.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab görüşü
20:45. “SABAH” (AZƏRBAYCAN) – “HAPOEL BEER ŞEVA” (İSRAİL) – 5:2 (ƏLAVƏ VAXT – 2:0)
Qollar: Kristian Nvaçukvu, 38. Umarali Raxmonaliyev, 74. Tellur Mütəllimov, 90+4. Orfe Mbina, 101. Coy Lens Mikels, 115 – İqor Zlatanoviç, 10. Qay Mizrahi, 61
Qırmızı vərəqələr: Cibril Diop, 100. Eliel Perets, 116 (hər ikisi “Hapoel Beer Şeva”)
Baş hakim: İştvan Kovaç
Yan xətt hakimləri: Mihay Marika, Ferenç Tunyogi
Dördüncü hakim: Sabolç Kovaç (hamısı Rumıniya)
VAR: Bastian Dankert (Almaniya)
VAR köməkçisi: Ketelin Popa (Rumıniya)
Hakim-inspektor: Stefan Lannoy (Fransa)
UEFA nümayəndəsi: Tammo Bayshuyzen (Niderland)
Qeyd edək ki, bu komandaların ilk oyununda “Hapoel Beer Şeva” qələbə qazanıb – 2:1.



No Comment! Be the first one.