"Tvente"nin baş məşqçisi: Sabah heç bir bəhanə olmamalıdır
“Şanslarımıza inanırıq. Sabah bizim son şansımızdır və bu, məhz sabah baş verməlidir. Heç bir bəhanə olmamalıdır”.
Sportify.az xəbər verir ki, bunu Niderlandın “Tvente” komandasının baş məşqçisi Con van den Brom Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab görüşündən əvvəl mətbuat konfransında deyib.
60 yaşlı mütəxəssis Azərbaycana erkən gəlmələrinin üstünlük olduğunu söyləyib: “Əlavə bir günümüz var və dünən axşam gəldik. Vaxt fərqi iki saatdır, ona görə də iqlimə uyğunlaşa bilirik. Yaxşı şəraitdə bura gəldik. Sakit gün keçirdik, gəzintiyə çıxdıq. Bu gün ən vacib məsələ isə axşam məşqidir”.
“Qarabağ” ötən həftə “De Qrolş Veste”də 1:0 hesablı qələbə qazanıb. Bu səbəbdən “Tvente” cavab görüşünə məğlub tərəf kimi çıxır.
“Biz həmin oyuna bir neçə dəfə yenidən baxmışıq. Ən yaxşı formada deyildik, amma çox şeyi də düzgün etdik. “Qarabağ” kimi komandaya qalib gəlmək üçün hər kəs özünün ən yüksək səviyyəsində olmalıdır. Sabahkı vəzifə də məhz budur”, – Van den Brom deyib.
Niderlandlı baş məşqçisi komandaya cavab oyununun hazırlığı üçün bir həftənin kifayət etdiyini vurğulayıb: “Hazırlaşmaq üçün bir həftəmiz oldu və buna kifayət qədər diqqət ayırdıq. Evdə qol vurmaq üçün yaxşı imkanlar yaratdıq və nisbətən az qol buraxdıq. Geri dönüş etmək və sabah son şansımız uğrunda bütün gücümüzlə mübarizə aparmaq üçün kifayət qədər müsbət məqamımız var”.
Qeyd edək ki, avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Tvente” matçı saat 20:00-da başlanacaq. İlk görüşdə Azərbaycan təmsilçisi Niderlandda qələbə qazanıb – 1:0.



No Comment! Be the first one.