Ruud Neystad: Bütün diqqətimiz "Qarabağ"la oyuna yönəlib
“Avropada hər şey çempionatda öyrəşdiyinizdən fərqlidir. Görürsünüz ki, imkanlardan düzgün istifadə etməlisiniz. “Ferentsvaroş”la oyunda bununla bağlı yaxşı dərs aldıq”.
Sportify.az xəbər verir ki, bunu Niderlandın “Tvente” komandasının futbolçusu Ruud Neystad Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab görüşündən əvvəl mətbuat konfransında deyib.
18 yaşlı mərkəz müdafiəçisi Avropa səviyyəsində sınaqdan keçməyin onun üçün xoş olduğunu söyləyib: “Özüm mövsümün başlanğıcını fərqli təsəvvür edirdim, amma bu, gənc futbolçuların inkişafının bir hissəsidir. Belə vəziyyətlə necə davranmaq vacibdir. İndi hər şeyin qaydasında olmasına şadam”.
Stopper mövsümün əvvəlində qarşıya qoyulan məqsədin Avropa futboluna vəsiqə qazanmaq olduğunu xatırladıb: “Bu mövsüm üçün məqsədimiz Avropa futboluna vəsiqə qazanmaq idi və növbəti mərhələyə keçmək üçün əlimizdən gələni edəcəyik. Hazırda bütün diqqətimiz “Qarabağ”la oyuna yönəlib”.
Qeyd edək ki, avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Tvente” matçı saat 20:00-da başlanacaq. İlk görüşdə Azərbaycan təmsilçisi Niderlandda qələbə qazanıb – 1:0.



No Comment! Be the first one.