Con van den Brom: Düzgün təhlillər nəticəsində qələbə qazandıq
“Həm keçən, həm də indiki oyuna kifayət qədər yaxşı hazırlaşmışdıq. Düzdür, ilk qarşılaşmada uduzmuşduq, amma fikrimcə, kifayət qədər yaxşı epizodlarımız olmuşdu. Sadəcə, şanssızlıqdan yenilmişdik”.
Sportify.az xəbər verir ki, bunu Niderland “Tvente”sinin baş məşqçisi Con van den Brom Bakıda “Qarabağ”a əlavə vaxtda 4:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib.
60 yaşlı mütəxəssisin sözlərinə görə, ilk görüşdəki 0:1 hesablı məğlubiyyətdən sonra bugünkü görüşə kifayət qədər yaxşı hazırlaşaraq, analiz aparıblar: “Həftə boyunca dincəlməmişdik. Düşünürəm ki, həm bu, həm də ötən oyunun hazırlıq prosesində düzgün təhlillər nəticəsində qələbə qazandıq. İlk görüşdə kifayət qədər güclü komandaya qarşı çıxış etdiyimizi gördük və daha da yaxşı hazırlaşdıq”.
Onun fikrincə, komandası üçün ən böyük çətinlik Bakıda da 0:1 hesabı ilə geri düşdükdən sonra olub: “Cavab görüşündə 4:1 hesabı ilə qalib gəlməyimiz o deməkdir ki, bizim üçün çox da çətin oyun deyildi. Bu matçda ən çox çətinliyimiz 0:1 hesabı ilə geri düşdükdən sonra oldu. Bu, rəqib tərəfindən vurulmuş kifayət qədər yaxşı qol idi. Amma məhz bundan sonra komandam görüşə daha da mübariz əhval-ruhiyyədə davam etdi. Etdiyimiz dəyişikliklər nəticəsində geridönüş etməyi bacardıq”.
Baş məşqçi sol cinah oyunçusu Sondre Öryaseteri 70-ci dəqiqədə Marko Pyatsa ilə əvəzləməsini belə əsaslandırıb: “Onun oynaması heç də səhv addım deyildi. Öryaseter kifayət qədər istedadlı futbolçudur. Sadəcə, “Qarabağ”ın sağ cinah müdafiəçisi Mateus Silva da yetərincə yaxşı çıxış edirdi. Bunun nəticəsində futbolçumuz öz oyununu sərgiləyə bilmədi. Ehtiyatda da yaxşı oyunçularımız var idi. Silvanın çox güclü olduğunu görərək, Öryeseteni dəyişdik. Bu, o demək deyildi ki, böyük səhv idi. Ona yetərincə inanırdıq”.
Van den Brom sonadək mübarizə aparmalarında komandaya aşıladığı motivasiya ilə bərabər əvəzetmələrin də böyük rolunun olduğunu dilə gətirib: “0:1 hesabı ilə geridə olmağımıza baxmayaraq, həmin dəyişikliklər nəticəsində əvvəlcə bərabərlik qolunu vurduq, sonra isə hesabda önə keçdik. Beləliklə, əlavə vaxtda daha böyük motivasiya əldə etdik. Oyunumuzu davam etdirdik və daha 2 qol vuraraq, qalibiyyət əldə etdik.
Sonda o, hər kəsə – azarkeşlərə, jurnalistlərə, bütün Azərbaycan xalqına təşəkkürünü bildirib, “Qarabağ”a növbəti turnirlərdə uğurlar arzulayıb.



No Comment! Be the first one.