Zaur Həşimov: Bu detallar görüşün taleyini həll etdi
“Şəfa”nın baş məşqçisi Zaur Həşimov evdə “İmişli”yə 0:1 hesabı ilə uduzduqları Misli Premyer Liqasının III tur matçından sonra mətbuat konfransı keçirib.
Sportify.az xəbər verir ki, 45 yaşlı mütəxəssis öncə oyunu şərh edib:
– Düşünürəm ki, yaxşı oyun alındı. Həm rəqibin, həm də bizim düşünülmüş hücumlarımız var idi. Matçda yüksək temp, dinamika və əsl mübarizə izlədik. Təəssüf ki, ikinci hissəyə yaxşı başlamadıq və qol buraxdıq. Buna baxmayaraq, komandamdan narazı qalmadım. Çempionatdakı üçüncü oyunumuza görə futbolçularım yaxşı çıxış etdilər. Daha çox qol epizoduna girə bildik. Çempionat uzun marafondur. Əminəm ki, bu marafonda istəyimizə çatmaq üçün əlimizdən gələni edəcəyik.
– Xüsusən ikinci hissədə qol epizodlarınız olsa da, hücumda bitiricilik çatmırdı. Buna səbəb nə idi?
– Fikrimcə, səbəb Luis Felipenin hazır olmamasıdır. Həm də müəyyən detallar var. Futbolçuların ustalıq səviyyəsini misal göstərə bilərəm. Fikrimcə, bu detallar görüşün taleyini həll etdi.
– Üç müxtəlif səviyyəli komanda ilə qarşılaşmısınız. İki məğlubiyyət, bir qələbəniz var. Demək olarmı ki, komandanız hələ sabit çıxışını yaxalaya bilməyib?
– “Zirə” ilə matça təsadüf edən ilk turda daha çox yeni futbolçularla tanış olduq. İkinci turda həm oyun baxımından pis deyildik, həm də nəticə qənaətbəxş oldu, “Qəbələ” üzərində qələbə qazandıq. Bu gün isə fikrimcə, komandamız yaxşı çıxış etdi və bir qol oyunun taleyini həll etdi. Bu gün futbolçular daha çox bir yerdə oynamalıdırlar ki, bir-birilərini yaxşı başa düşsünlər.
– Ötən tur oyundan sonra mətbuat konfransında Qəbələdə futbolçularınızın boğulduğunu demişdiniz. Bəs bir sumqayıtlı kimi buranın havasında özünüzü necə hiss edirsiniz?
– Külək var idi, amma oyuna mane olacaq dərəcədə deyildi. Yaxşı idi.



No Comment! Be the first one.