Fərid Namazov: Bəzən meydançada pullar, bahalı oyunçular rol oynamır
“İmişli”nin baş məşqçisi Fərid Namazov səfərdə “Şəfa”nı 1:0 hesabı ilə məğlub etdikləri Misli Premyer Liqasının III tur matçından sonra mətbuat konfransı keçirib.
Sportify.az xəbər verir ki, gənc mütəxəssis əvvəlcə oyunu dəyərləndirib:
– Matçın çətin keçəcəyini bilirdik. Çünki rəqib ötən tur səfərdə “Qəbələ”ni məğlub etmişdi. Buna yaxşı hazırlaşmışdıq. Düşünürəm ki, pis alınmadı. Ümumilikdə oyunun böyük hissəsində top daha çox bizdə oldu. Yeganə narazı qaldığım məqam yaratdığımız qol imkanlarından yararlana bilməməyimizdir. Oyunun böyük hissəsində üstün tərəf olsaq da, ağır oyunla cavab veririk. “Şəfa”ya gələcək oyunlarda uğurlar arzulayıram.
– Mövsümdə ilk qələbənizi qazandınız. Futbolçuların da paltardəyişmə otağındakı sevinc səslərindən başa düşmək olardı ki, klub rəhbərliyi buna görə mükafat vəd etdi…
– (gülür – red.). Əlbəttə, mükafatla bağlı bəlli məsələlər olur. Amma bu, həm biz, həm də futbolçular üçün daha çox nüfuz nüfuz məsələsidir. İlk qələbə həm mənim özümün, həm də kollektivin gələcək oyunlara daha da inamlı çıxması üçün böyük stimuldur. Çünki həftələr ərzində və hazırlıq dövründə bəlli işlər görürsən. Bunun meydanda tətbiqi və alınması bizim üçün daha xoşdur. Əlbəttə, mükafat məsələləri futbolun içində var. Amma bizim üçün birinci növbədə prestijdir.
– Artıq indidən belə proqnoz vermək olarmı ki, böyük büdcəli 3-4 komanda ilə qalanları arasında ciddi xal fərqi yaranacaq?
– Əlbəttə, bəlli reallıqlar var ki, bunları özünüz də görürsünüz. Haşiyə çıxaraq, “Sabah”ı Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edirəm. Azərbaycan Premyer Liqasında bu səviyyədə bir komanda var. Ona görə də müqayisə göz qabağındadır, fərqlər var. Amma meydanın içində bəzən pullar, bahalı oyunçular rol oynamır. Daha çox mübarizə aparan, oynayan xal qazanır. Əlbəttə, fərqlər ola bilər. Əsasən də ehtiyat qüvvə ilə bağlı. Kimin hansı mövqe uğrunda oynayacağını 3-4 turdan sonra aydınlaşdırmaq olar. İndi isə hələ III tur yenicə başlayıb, nə isə demək üçün tez olar.
– “İmişli”nin hədəfi nədir?
– Hər mövsüm daha yaxşı, ötənilkindən də yüksək yerlər uğrunda mübarizə aparmaq bizim hədəfimizdir.



No Comment! Be the first one.