“Sabah” Prezidentin ayırdığı vəsaiti uşaq futboluna yönəltdi
“Sabah” Futbol Klubu Azərbaycan Prezidenti İlham Əliyevin ayırdığı 5 milyon manat maliyyə dəstəyini uşaq futbolunun inkişafına yönəldəcək.
Sportify.az-ın məlumatına görə, bu barədə Masazır təmsilçisinin rəsmi açıqlamasında bildirilir.
Bəyanatda deyilir ki, klub həmin vəsaitə öz büdcəsindən daha 5 milyon manat əlavə edərək 10 milyon manatlıq “Sabah Football Academy Future Talents” – “Sabah Futbol Akademiyası Gələcəyin istedadları” proqramı yaradacaq.
Qeyd edək ki, Prezident İlham Əliyevin 27 avqust 2026-cı il tarixli Sərəncamı ilə “Sabah”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə kluba 5 milyon manat ayrılıb.
Proqramın ilkin kapitalı 10 milyon manat olacaq. Vəsaitin xərclənməsi deyil, qorunması və artırılması nəzərdə tutulur. Pulun peşəkar şəkildə idarə olunaraq gəlir gətirməsi və əldə olunan gəlirin uzunmüddətli perspektivdə gənc futbolçuların inkişafına yönəldilməsi planlaşdırılır.
Bundan başqa, “Sabah”ın bu il UEFA Çempionlar Liqasında keçirəcəyi oyunlara bilet satışından əldə olunan gəlirin müəyyən hissəsi də proqrama köçürüləcək.
Layihə çərçivəsində futbol infrastrukturunun təkmilləşdirilməsi, istedadlı uşaqların aşkarlanması və peşəkar hazırlığı, müasir məşq metodlarının tətbiqi, idman elmi, tibbi təminat və performans analitikası istiqamətlərində işlərin gücləndirilməsi nəzərdə tutulur. Uşaqların təhsil və fərdi inkişafına da xüsusi diqqət ayrılacaq.
“Sabah” ölkə üzrə istedadların aşkarlanması sistemini genişləndirməyi və uşaqların yaşadığı regiondan və ailəsinin maddi imkanlarından asılı olmayaraq, perspektivli futbolçular üçün bərabər inkişaf imkanları yaratmağı hədəfləyir.
Klub həmçinin AFFA ilə əməkdaşlıq və təcrübə mübadiləsinə önəm verdiyini bildirib. Uzunmüddətli perspektivdə “Sabah” Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin akademiyaları, futbol məktəbləri və klubları ilə əməkdaşlığı genişləndirərək akademiyanı regionun aparıcı futbol inkişaf mərkəzlərindən birinə çevirmək niyyətindədir.



No Comment! Be the first one.