Yuri Vernidub: Mən futbolçuları cəzalandırmıram
Premyer Liqanın IV turunda doğma meydanda “Şəfa”nı 4:1 hesabı ilə məğlub edən “Neftçi”nin baş məşqçisi Yuri Vernidub oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.
Sportify.az xəbər verir ki, ukraynalı mütəxəssis “Şəfa”nın debütant olmasına baxmayaraq, yaxşı təşkilatlanmış komanda olduğunu bildirib:
“Futbolçularım bu oyunda bütün güclərini ortaya qoydular. “Şəfa”nın Premyer Liqanın debütantı olması ümumi mənzərəni əks etdirmir. Bu, intizamlı və yaxşı təşkilatlanmış komandadır. Onlar 5-3-2 sxemi ilə oynayırlar və bu səbəbdən müdafiələrini yarmaq çətindir. İlk hissədə də məhz bunu gördük. Rüfət Abbasovun möhtəşəm qolu sayəsində hesabı açdıq. Əslində, qarşıda hələ çox işimiz var. Çox şey üzərində işləməliyik. İkinci hissənin əvvəlində standart vəziyyətdən qol buraxdıq, amma futbolçularımızın reaksiyasından razı qaldım. Qoldan sonra onlar intensivliyi artırdılar və daha üç qol vurdular. Artıq neçə dəfə qapı tirinə və dirəklərinə zərbə vurduğumuzu saya bilmirəm, amma qələbə qazandığımız üçün şadam. Yolumuza davam edəcəyik”.
Vernidub start heyətindəki dəyişikliklərin əvvəlki oyunda uğursuz çıxış edən futbolçular üçün cəza olmadığını vurğulayıb:
“Qapıçılar istisna olmaqla, sərəncamımızda 22 futbolçu var. Andrey Ştoqrinin də adını qeyd etmək lazımdır. Hazırda zədəlidir, amma tezliklə sıraya qayıdacaq. Elvin Bədəlov isə qırmızı vərəqəyə görə aldığı diskvalifikasiya səbəbindən bu oyunu buraxdı. Qalan futbolçular tam gücü ilə məşq edirdilər. Mən futbolçuları cəzalandırmıram, sadəcə konkret oyundan asılı olaraq qərarlar qəbul edirəm. Əlbəttə, “Zirə” ilə matçda gözlədiyimiz oyunu görə bilmədik və mən də buna reaksiya verdim. Həmin görüşdə çox az qol epizodu yaratdıq. Rəqibin bütün oyunu müdafiə xəttində oldu. Ona görə də bu dəfə “Zirə” ilə oyunda lazımi səviyyədə tətbiq edə bilmədiyimiz pressinqə üstünlük verməyə qərar verdik. Mənə elə gəlir ki, bu gün futbolçularımız bunun öhdəsindən pis gəlmədilər”.
Onun sözlərinə görə, komandada futbolçular arasında çox gözəl və böyük rəqabət var: “Ən önəmlisi budur ki, hamı oynamaq istəyir. Bu da xoşuma gəlir. Lakin oyunlar üçün heyətlə bağlı qərarları mən və məşqçilər heyəti verir”.
Baş məşqçi yeni transfer Viko Şevelinin debütünü də dəyərləndirib:
“Biz onu çoxdan izləyirdik. Şevelin çox maraqlı bir çempionat olan Şotlandiya liqasından gəlib və orada hətta ən yaxşı mərkəz yarımmüdafiəçisi seçilmişdi. Onu komandaya cəlb etmək istəyirdik, bunu bacardıq və indi o, buradadır. Mən həm yeni transferlərə, həm də komandada qalıb oyununu davam etdirən futbolçularımızın hər birinə etibar edir, inanıram. Hazırda əlimizdə şans var ki, xüsusən mərkəz zonada dəyişikliklər edək, oyunumuzu yeniləyək və quraq. Eyni zamanda, cinahlarda da bunu etmək istəyirik. Denzel Jubitana kimi cinah oyunçularından bəhs edirəm. O, uzun müddət komandasız olmuşdu. Hazırlayıb komandaya uyğunlaşdırmağa zaman lazımdır. Tələsmirəm”.
60 yaşlı baş məşqçi “Neftçi”nin futbolçusu Rüfət Abbasovun çıxışından da razı qaldığını söyləyib:
“O, gəncdir və milli komandada çıxış edir. Rüfətlə ondan nə gözlədiyimi və nəyə ehtiyacımız olduğunu danışmışıq. Məşqlərə və toplanışlara necə yanaşmalı olduğunu da müzakirə etmişik. Düşünürəm ki, Rüfət “Neftçi”nin əsas dividendlərindən biridir. Bundan əlavə, o, möhtəşəm qol vurdu. Sol ayaqlı olmasına baxmayaraq, topu sağ ayağı ilə qapıya göndərdi. İkinci qolu da vura bilərdi, amma zərbəsi dirəyə dəydi. Hansı keyfiyyətlər tələb olunsa, orada ilk sıralardadır. Xüsusən, sürətlə bağlı məsələlərdə. Bir oyunda 1300 – 1400 metr qaçışı olur. Bu, kifayət qədər yüksək rəqəmdir və yaxşı oyunçuya uyğun göstəricidir”.



No Comment! Be the first one.