Filipe Kandido: Qarşıdakı oyunlarda daha yaxşı olacağıq
“Nəticə oyuna görə olmadı”.
Sportify.az xəbər verir ki, bunu “Sumqayıt”ın baş məşqçisi Filipe Kandido səfərdə “Turan Tovuz”a 1:2 hesabı ilə uduzduqları Misli Premyer Liqasının IV tur matçından sonra mətbuat konfransında deyib.
Portuqaliyalı mütəxəssisin sözlərinə görə, komandası bu oyundan xal və ya xallar qazana bilərdi: “Baş məşqçi kimi nəticədən narazı qalsam da, çıxışımızdan razıyam və hətta gələcəyə baxıram. Düşünürəm ki, ilk gəldiyimlə müqayisədə oyundan-oyuna inkişaf edir, irəliyə doğru addım atırıq və qarşıdakı oyunlarda daha yaxşı olacağıq”.
47 yaşlı baş məşqçi əlavə edib ki, oyun ərzindən bir neçə çox yaxşı imkan əldə etmələrinə baxmayaraq, qola çevirə bilməyiblər: “Düşünürəm ki, komandamızda çatışmayan cəhət budur. “Turan Tovuz” kimi çox yaxşı komandalara qarşı oynayırsansa, ələ düşən imkanlardan yararlanmaq lazımdır. Bu alınmayanda isə nəticə belə olur”.
Kandido ikinci qolu buraxdıqdan sonra məşqçilər heyəti ilə hakimlər arasında yaranmış anlaşmazlığa da aydınlıq gətirib: “Heç vaxt hakimlər haqqında danışmamışam və bunu sevmirəm. Meydanda qərarı onlar verirlər. Bəzən bunu qəbul edir, bəzənsə qəbul etməsək də, hörmətlə yanaşırıq. Mən yalnız öz komandam, oyunun oyununu inkişaf etdirmək üzərində düşünürəm. O epizodda isə sadə bir gərginlik idi”.
“Sumqayıt”ın baş məşqçisi növbəti 3 görüşü daha aşağı yerlərdə qərarlaşmış komandalara qarşı keçirəcəklərinə : “Əvvəlcədən bilirdik ki, ilk oyunlarımız çox çətin olacaq. Hətta şadam ki, çətin rəqiblərlə görüşlərdə oyundan-oyuna yaxşı inkişaf etdik. Növbəti oyun bizim üçün çox vacibdir. Deməzdim ki, “Şamaxı” zəifdir, əksinə, kifayət qədər güclü rəqibdir. Hətta ötən mövsümü bizimlə qonşu pillələrdə cüzi xal fərqi ilə aşağıda bitirmişdilər. Təkcə “Şamaxı”ya deyil, bütün rəqiblərə qarşı daha yaxşı oynamağa çalışacağıq. Futbolçularıma da demişəm ki, əsas məsələ yarışın sonunda harada olmaqdır. Əminəm ki, daha yaxşı yerlərdə olacağıq”.



No Comment! Be the first one.