“Bir gün əvvəl bizimlə idi, ertəsi gün vəfat xəbərini aldıq” - TƏFƏRRÜAT
Mehman Hacıyevin vəfatı ilə əlaqədar bir dəqiqəlik sükut təklif olunacaq
Gəncəli veteran futbolçu Mehman Hacıyev 52 yaşında ikən insult keçirərək dünyasını dəyişib.
Bu barədə Sportify.az-a mərhumun “Kəpəz”də komanda yoldaşı olmuş Firuz Qulami məlumat verib.
Onun sözlərinə görə, ölümündən bir gün əvvəl Hacıyevlə birlikdə olublar: “Mehman 3-4 ay əvvəl Rusiyadan gəlmişdi. Orada onun ayağı qırılmışdı, yıxılmışdı. Gəldi burada əməliyyat da olundu. Yəni sağalmışdı. Əlindəki çəliyi də tullamışdı. Təqribən 3 aydır ailəsi Bakıya köçmüşdü. Oğlu Bakıda işləyir. Bir həftə əvvəl Gəncəyə qohumlarının xeyir işi ilə əlaqədar gəlmişdi. Elə bütün günü də elə bizim yanımızda idi. Bir neçə gündür özünü pis hiss edirdi. Sistem, müalicə aldı. Elə ölümündən bir gün qabaq da bizimlə birlikdə idi. “Özümü pis hiss edirəm” dedi. Biz də maşın saxladıq, bacısıgilə getdi”. 
Qulami bildirib ki, ertəsi gün Hacıyevin yaxın qohumlarından biri ona zəng edərək, vəfat xəbərini deyib. Ölümün səbəbi isə beyinə qan sızması olub: “Bacısıgil də Rusiyadan qayıtmışdı. Qohumlar bacısıgilə görüşə gəliblər. Mehman isə gecəni otaqda tək yatıb. Səhər durub onun yatdığı otağa keçəndə görüblər ki, Mehmanın rəngi göyərib. Təcili yardım çağırıblar. Həkimlər özlərini çatdıranda görüblər ki, xeyri yoxdur, insult vurub, keçinib. Bax belə, gözlənilməz bir şey idi, açığı…”.
Veteran futbolçunun sözlərinə görə, Hacıyevin özü də ağrılarını büruzə verən insan olmadığından, qohumları səhhətinin ağırlaşdığını bilməyiblər: “Mehman bu sarıdan bir az çətin adam idi. Evdə xəstəliyini deyəsi deyildi. Bir az qapalı insan idi. Əvvəlcədən bir şey yox idi ki, üstünə düşəsən. Yəni, hər şey bir-iki günün içində baş verdi”.

Qulami Hacıyevin karyerası barədə də məlumat verib: Mehman iki dəfə Azərbaycan çempionu olub, iki dəfə də ölkə kubokunu qazanıb. Özü müdafiəçi mövqeyində çıxış edib, “Kəpəz”lə avrokuboklarda da mübarizə aparıb. Eyni zamanda vaxtilə Azərbaycanın olimpiya yığmasının (U-21) üzvü olub. Futbolçu karyerasını başa vurduqdan sonra “Kəpəz”in əvəzedici heyətində və əsas komandada məşqçi işləyib”.
O, mərhumun xatirəsinin ən azı Misli Premyer Liqasında V turun “Kəpəz” – “İmişli” matçından əvvəl 1 dəqiqəlik sükutla anılması təklifi ilə çıxış edəcəklərini açıqlayıb: “Hələ indi dəfnə gedirik. Bütün gəncəli futbol veteranları gələcəklər. Yəqin ki, bir dəqiqəlik sükut təklifi ilə çıxış edəcəyik. Çünki Mehman Hacıyev ömrünü demək olar ki, “Kəpəz”ə həsr edib. Uşaq komandasından əsas kollektivədək çıxış edib, “Kəpəz” məktəbi keçib. ndən başlayıb, sonra Fuad İsmayılovun tələbəsi olubdur. Elə oradan da “Kəpəz”ə qəbul olunub. Belə… Allah rəhmət eləsin”.



No Comment! Be the first one.