Fərid Namazov: İlk 15 dəqiqə heç də yaxşı alınmadı
“İmişli”nin baş məşqçisi Fərid Namazov Misli Premyer Liqasının V turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu dəyərləndirib.
Sportify.az xəbər verir ki, o, rəqibin ilk dəqiqələrdən təzyiq göstərəcəyini gözlədiklərini bildirib.
“Bilirdik ki, “Neftçi” 4 turda 3 qələbə qazanıb və əsas məqsədi çempion olmaqdır. İlk 15 dəqiqədə hücum edib hesabı açmağa çalışacaqlarını gözləyirdik. Təzyiqi üzərimizdən atıb öz oyunumuzu oynamaq istəyirdik. Lakin ilk 15 dəqiqə heç də yaxşı alınmadı. Birinci qolu buraxdıq, ardınca daha iki qol gəldi. Daha sonra sistem dəyişikliyinə getdik və meydandakı oyunçuların yerlərini dəyişdik. Şükürlər olsun ki, tez toparlandıq və fasiləyə bərabərliklə getdik. İlk 20 dəqiqə “Neftçi”nin üstünlüyü şəraitində keçdi. Sonra oyunu bərabərləşdirməyə çalışdıq. Reallıq odur ki, “Neftçi” dominant oynayırdı. Bizim planımız əks-hücumlarda və keçidlərdə üstünlük yaratmaq idi”, – deyə mütəxəssis qeyd edib.
Baş məşqçi qapıçı Yusif İmanovun heyətdə olmamasının səbəbini də açıqlayıb. F.Namazov bunun futbolçunun performansı ilə bağlı olmadığını deyib:“İki gənc qapıçımız var. Planımız odur ki, il ərzində rotasiyalar edək. Hər ikisini tonusda saxlamaq istəyirik. Digər mövqelərdə də rotasiyalar edirik. Bu gün Bəxtiyar Həsənalızadəyə istirahət verməyi düşünürdük, amma onu məcburiyyətdən oynatdıq. Sadiq Məmmədzadə qapıda ümidləri doğrultdu”.
F.Namazov Vüsal Qəmbərovun iştirak ərizəsində yer almamasına da aydınlıq gətirib: “Vüsal artıq “Şəfa” ilə anlaşıb. Mövsümün əvvəlindən təklifləri var idi. “Şəfa”nın təklifi daha cəlbedici olduğu üçün klublar arasında razılıq əldə olundu. Vüsal Qəmbərov bundan sonra “Şəfa”nın şərəfini qoruyacaq”.



No Comment! Be the first one.