Zaur İsmayılov: Ədalətli qərar penalti təyin olunması idi
“Araz-Naxçıvan” futbol klubunun baş məşqçisi Zaur İsmayılov Misli Premyer Liqasının V turunda “Turan Tovuz”la keçirilən oyundan sonra mətbuat konfransında iştirak edib.
Sportify.az xəbər verir ki, qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Baş məşqçi oyunun gərgin keçdiyini bildirib:
“Çox gərgin oyun oldu. Hesabda öndə olmağımıza baxmayaraq, ikinci hissədə kobud və fərdi səhvlərdən qollar buraxdıq. Rəqibin standart vəziyyətlərdə güclü olduğunu bilirdik. Lakin qolları məhz standart vəziyyətlərdən deyil, öz səhvlərimizdən sonra buraxdıq. Oyunun sonunda təzyiqi artıraraq rəqibi səhvə məcbur etdik və nəticədə heç-heçəyə nail olduq”.
Zaur İsmayılov “Turan Tovuz”un qapısına təyin olunan penalti epizodunu da şərh edib. O, təkrar görüntülərə baxdıqlarını və qapıçının rəqib futbolçuya toxunduğunu bildirib:
“Penalti idi. Epizoda baxan kimi görünür ki, penalti var. Baş hakim özü gedib epizoda baxdı və uzun müddət izlədikdən sonra qərar verdi. Məncə, ədalətli qərar penalti təyin olunması idi”.
Komandanın beş turdan sonra iki xal toplamasına münasibət bildirən mütəxəssis təqvimin “Araz-Naxçıvan” üçün ağır olduğunu qeyd edib. O, hər oyuna qələbə üçün çıxdıqlarını vurğulayıb.
Baş məşqçi son turda “Qarabağ”la matçda nümayiş etdirdikləri oyunun və vurduqları qolların komandaya əlavə stimul verdiyini deyib. Onun sözlərinə görə, qarşıdakı görüşlərdə nəticələrin yaxşılaşacağı gözlənilir.
Zaur İsmayılov komandanın müdafiə xəttində, xüsusilə mərkəz müdafiəçisi mövqeyində problemlərin olduğunu da diqqətə çatdırıb. Bildirib ki, bu problemin həlli üçün cinah müdafiəçilərindən mərkəzdə də istifadə etməyə çalışırlar:
“Problemlər var. Amma cinah oyunçularının köməyi ilə bu çatışmazlığı aradan qaldırmağa çalışırıq. Öz səhvlərimizdən qollar buraxırıq”.



No Comment! Be the first one.