Bense Varkonyi: Azərbaycanda hər oyun fərqlidir
Misli Premyer Liqasının V turunda “Qarabağ” səfərdə “Zirə” ilə 1:1 hesablı heç-heçə edib.
Matçdan sonra “Qarabağ”ın üzvü Bense Varkonyi Sportify.az-a müsahibə verib.
– Oyunla bağlı fikirləriniz?
– Qalib gəlmək istəyirdik. Bunun üçün çox çalışdıq. Qalib gəlməyin yollarını axtarırdıq. Daha konsentrasiyalı olmalıyıq. Rəqib də yaxşı çıxış etdi. Ümumiyyətlə, “Zirə”də oynamaq asan deyil.
– Sizcə, “Qarabağ” bu matçda qələbəyə layiq idi?
– Oyuna biz nəzarət edirdik, topa daha çox yiyələnirdik. Qalib gəlmək üçün çox çalışırdıq. Üstünlük bizim tərəfimizdə idi. Lakin hesabı açan tərəf rəqib oldu. Sonradan hesabı bərabərləşdirdik. İkinci qolu vurmaq üçün də çox çalışdıq.
– Bəs 3 xal qazanmaq üçün nə çatmadı?
– Bu da oyunun bir hissəsidir. Məşqlərimizi davam etdirməliyik. İşimizə fokuslanmalıyıq. Başqa heç nə düşünməməliyik. Hələ də məğlubiyyətsiz olduğumuz üçün sevinməliyik. Bu seriyanı mövsümün sonuna kimi davam etdirsək, əla olar.
– “Qarabağ” mövsümün sonunda turnir cədvəlində “Sabah”ı qabaqlaya bilər?
– Əlbəttə. Bizim məqsədimiz də məhz budur. Çempionatın qalibi olmaq istəyirik. Təbii ki, “Sabah” yaxşı komandadır, Çempionlar Liqasında oynayır. Lakin digər rəqibləri də unutmaq olmaz. “Zirə” də yaxşı oynayır. Həmçinin “Neftçi”yə qarşı oyunumuz da çətin keçəcək. İndi yalnız oyundan-oyuna irəli baxmalı, inkişaf etməliyik.
– Azərbaycan Premyer Liqasının səviyyəsini necə dəyərləndirirsiniz?
– Fərqli çempionatdır. Hər komanda heyətini yaxşı futbolçularla gücləndirməyə çalışır. Eləcə də gənc futbolçuların səviyyəsi yüksəkdir.
– Bəs Azərbaycan Premyer Liqasını daha əvvəl çıxış etdiyiniz Macarıstan çempionatı ilə necə müqayisə edərdiniz? Hansı fərqlər var?
– Azərbaycanda hər oyun fərqlidir. Lakin indidən bu suala dəqiq cavab verə bilmərəm. Bir dövrə oynayaq, sonra dəqiqləşdirərik.
Bahar Rüstəm



No Comment! Be the first one.