Azərbaycan Kubokunun yenə sponsoru olacaq
Peşəkar Futbol Liqasının (PFL) Texniki idman direktoru Elgiz Abbasov Azərbaycan Kubokunun püşkatma mərasimindən sonra brifinq keçirib.
Sportify.az xəbər verir ki, Abbasov əvvəlcə final matçının Gəncə Stadionunda təşkilinə dair qərarı şərh edib:
– Dünən artıq Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədovun açıqladığı kimi, Azərbaycan Kubokunun 2026/2027 mövsümünün final oyunu yenilənmi Gəncə Stadionunda baş tutacaq. Məlumat üçün bildirim ki, biz Premyer Liqa oyunlarından öncə stadionda təftiş və sınaq xarakterli oyun, arenanın bütün əsas, yardımçı otaqları, infrastruktur obyektlərinə baxış keçirmişdik. Sevindirici haldır ki, Gəncə kimi tarixi şəhərimizdə belə bir möhtəşəm stadion var. Hiss olunur ki, son bir ayda Gəncədə həqiqətən futbol ab-havası, futbol bayramı yaşanır, Premyer Liqa oyunlarına çoxsaylı azarkeşlər gəlir. Odur ki, PFL finalın Gəncə şəhər stadionunda baş tutması təklifi ilə çıxış etdi. AFFA prezidenti cənab Rövşən Nəcəfin qərarı, gənclər və idman naziri Fərid Qayıbovun dəstəyi ilə biz Azərbaycan Kubokunun final oyununu bu möhtəşəm arenada keçirəcəyik. Hesab edirik ki, bu, nəinki Gəncə, ümumiyyətlə, bütün futbol azarkeşləri üçün böyük bir bayram olacaq.
– Azərbaycan Kubokunun finalı üçün başqa variantlar var idimi?
– Ümumiyyətlə, son illərdə, bir sıra infrastruktur məsələləri çıxmaq şərtilə bütün stadionlarımız, kubokun final oyununu qəbul etməyə hazırdırlar və ediblər də. Bura Qəbələ şəhər stadionundan tutmuş, indiki “Palms Sports Arena”ya qədər hamısı daxildir. Bütün Premyer Liqa stadionları, demək olar ki, bizim potensial final məkanlarımız idi, amma Gəncə Stadionunun xüsusi bir özəlliyi var. Həm tarixi məkandır, həm də təmirdən sonra belə bir qlobal oyunun orada baş tutması hamı üçün maraqlı olardı. Odur ki, biz onun üzərində xüsusi seçim etdik.
– Azərbaycan Kuboku üçün xüsusi sponsor anonslarını gözləmək olar?
– Əlbəttə! Bayaq da biz bununla bağlı yekun detalları PFL-in Media və marketinq direktoru Sənan Abdullayevlə müzakirə etdik. 3-4 şirkətlə aktiv danışıqlarımız davam eləyir. Ümid edirik ki, müsbət nəticəyə gələcəyik. Bəli, sponsorlar, müraciətlər bizə də var, biz tərəfdən də var. Elə bir tərəfdaş şirkət olmalıdır ki, o, həm də Azərbaycan Kubokunun adını özündə yaxşı şəkildə ehtiva edə bilsin. Odur ki, biz danışıqlarımızı davam etdiririk. Deməzdim ki, tələsmirik. Xeyr, bu məsələnin tez bir zamanda yekunlaşmasını istəyirik ki, biz də bu final oyunu ilə bağlı müvafiq layihələrimizi həyata keçirə bilək. Ümid edirik ki, qarşıdakı zamanlarda da bununla bağlı daha ətraflı məlumatlar olacaq.



No Comment! Be the first one.