AFA-dan İnfantinoya tam dəstək
Argentina Futbol Assosiasiyası (AFA) FIFA prezidenti Canni İnfantinoya dəstəyini ifadə edən rəsmi bəyanat yayıb.
Sportify.az xəbər verir ki, Canni İnfantino daha əvvəl Dünya Çempionatı ilə bağlı payların özəl investorlara satışını idarə edəcək FIFA Forward Enterprise şirkətinin yaradılması təşəbbüsünə görə tənqid olunmuşdu. Lakin FIFA prezidenti sonradan bu ideyadan imtina edib.
Tənqidlərin fonunda FIFA rəhbərliyi Mərakeşdə təcili iclas keçirib. Görüşdən sonra təşkilatın rəhbər heyəti Canni İnfantinoya tam dəstəyini ifadə edib.
AFA-nın bəyanatında bildirilib ki, son 10 ildə FIFA rəhbərliyinin fəaliyyəti dünya futbolunun inkişafına, eləcə də açıq, dayanıqlı və şəffaf idarəetmə modelinin formalaşdırılmasına mühüm töhfə verib.
Açıqlamada qeyd olunub ki, mübahisələrə səbəb olan layihənin geri götürülməsi qərarı müsbət qiymətləndirilir. Bildirilib ki, bu prosesdə buraxılan səhvlərin etiraf edilməsi və FIFA-nın 211 üzv assosiasiyasına ünvanlanan üzrxahlıq məktubu təşkilatın idarəetmə prinsiplərinə sadiqliyini göstərir.
Bəyanatda vurğulanıb ki, Canni İnfantinonun rəhbərliyi dövründə FIFA bütün üzv assosiasiyalar və konfederasiyalar üçün daha açıq quruma çevrilib. AFA hesab edir ki, birbaşa və açıq dialoq sayəsində futbolun bütün səviyyələrdə inkişafı istiqamətində əməkdaşlıq davam etdirilməlidir.



No Comment! Be the first one.