"Sabah" və "Qarabağ"dan səfər qələbələri - YENİLƏNDİ
Misli Premyer Liqasında III turun son görüşü “Sumqayıt” və “Qarabağ” arasında keçirilib.
Sportify.az xəbər verir ki, “SOCAR Polymer Arena”da təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb.
Ağdam təmsilçisi buna azlıqda nail olub. 31-ci dəqiqədə Kadi Borges təcavüzkar davranışına görə birbaşa qırmızı vərəqə alıb.
Bununla belə, 45-ci dəqiqədə Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv qələbə topunu vurub. Jali Muaddib özünün qazandığı penaltini dəqiq yerinə yetirib.
Beləliklə, III turun 6 matçından 5-cisi də minimal hesablı qələbə ilə yekunlaşıb.
Qeyd edək ki, turun əvvəlki görüşlərində “Qəbələ” “Şamaxı” ilə qolsuz heç-heçə edib. “İmişli” səfərdə “Şəfa”nı, “Sabah” “Araz-Naxçıvan”ı, “Kəpəz” evdə “Turan Tovuz”u, “Zirə” isə “Neftçi”ni eyni hesabla məğlub edib – 1:0.
————————-
Misli Premyer Liqasında III turun növbəti görüşü “Araz-Naxçıvan” və “Sabah” arasında keçirilib.
Sportify.az xəbər verir ki, Qəbələ şəhər stadionunda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb – 1:0.
Yeganə qolu 49-cu dəqiqədə Patrik Mbina vurub. Qol epizodunda Naxçıvan komandasının müdafiəçiləri və qapıçı arasında anlaşmazlıq yaranıb.
Sona doğru nominal meydan sahibləri bərabərlik qolunu vurmaq üçün bir neçə imkan yaratsalar da, bunların heç birindən yararlana bilməyiblər.
Beləliklə, “Sabah” ikinci oyununu da qələbə ilə başa vuraraq, xalını 6-ya çatdırıb. 1 xala malik “Araz-Naxçıvan” isə hələ də qol vura bilməyib.
—————————
Bu gün Misli Premyer Liqasında III turun son iki oyunu keçiriləcək.
Sportify.az xəbər verir ki, Azərbaycanı Çempionlar Liqasının əsas mərhələsində təmsil edəcək “Sabah” günün ilk matçında “Araz-Naxçıvan”ın qonağı olacaq.
Qəbələ şəhər stadionunda saat 18:00-da başlanacaq görüşü baş hakim Rəvan Həmzəzadə idarə edəcək.
Naxçıvan komandası 2 oyundan 1 xal toplaya bilibsə, Masazır təmsilçisi hələ cəmi 1 matçda iştirak edib və qələbə qazanıb.
“Araz-Naxçıvan” “Sabah”la indiyədək keçirdiyi 11 oyunun cəmi 1-də qələbə qazanıb. Qalan görüşlərin yarısında rəqibinin qələbəsi, yarısında isə heç-heçə qeydə alınıb. Topların nisbətində 19:12 üstünlüyünə malik “Sabah” son 9 matçda uduzmayıb. Axırıncı 5 görüşdə hər iki komanda qol vurub.
Turun son görüşü isə “SOCAR Polymer Arena”da “Sumqayıt” və “Qarabağ” arasında gerçəkləşəcək.
Saat 20:15-də başlanacaq oyunu baş hakim Fərid Hacıyev idarə edəcək.
Hər iki komanda bu mövsüm 1 oyun keçirib. “Qarabağ” qələbə qazanıbsa, “Sumqayıt” məğlubiyyətlə üzləşib. Ümumilikdə isə tərəflər 55-ci dəfə üz-üzə gələcəklər. Əvvəlki oyunların 8-də “gənclik şəhəri” təmsilçisi, 41-də Ağdam klubu qalib gəlib, cəmi 5-i isə heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də “Qarabağ”ın ciddi üstünlüyü var – 134:29.
Son iki oyunda 6 və ya daha çox qol vurulub. “Qarabağ” axırıncı 4 səfərdə xal itirməyib.
Misli Premyer Liqası, III tur
31 avqust (bazar ertəsi)
18:00. “Araz-Naxçıvan” – “Sabah” – 0:1
Qol: Patrik Mbina, 49
Hakimlər: Rəvan Həmzəzadə, Teymur Teymurov, Müslüm Əliyev, Vüqar Həsənli
VAR: Kamranbəy Rəhimov
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Törə Əhmədova
Qəbələ şəhər stadionu
20:15. “Sumqayıt” – “Qarabağ” – 0:1
Qol: Jali Muaddib, 45
Qırmızı vərəqə: Kadi Borges, 31 (“Qarabağ”)
Hakimlər: Fərid Hacıyev, Akif Əmirəli, Eyyub İbrahimov, Əkbər Əhmədov
VAR: İnqilab Məmmədov
AVAR: Gülnurə Əkbərzadə
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Emin Cəfərov
Sumqayıt, “SOCAR Polymer Arena”
Xatırladaq ki, turun əvvəlki oyunlarında “Qəbələ” “Şamaxı” ilə qolsuz heç-heçə edib. “İmişli” səfərdə “Şəfa”nı, “Kəpəz” evdə “Turan Tovuz”u, “Zirə” isə “Neftçi”ni eyni hesabla məğlub edib – 1:0.



No Comment! Be the first one.