Arsen Ağcabəyov: Qusarda xarakterli futbolçular yetişir - MÜSAHİBƏ
“Şəfa”nın futbolçusu Arsen Ağcabəyov evdə “Araz-Naxçıvan”la 2:2 hesablı heç-heçə etdikləri Misli Premyer Liqasının XI tur matçından sonra Sportify.az-a müsahibə verib. 26 yaşlı müdafiəçi komandasının qələbə həsrətindən, “Araz-Naxçıvan”la oyunda vurduğu baxımlı qoldan, “Şahdağ Qusar”ın Premyer Liqaya qayıtmaq perspektivindən və milliyə dəvət almaq istəyindən danışıb.
– Qarşılaşmanı necə dəyərləndirirsiniz?
– Çoxdandır qələbə qazanmaq istəyirik. Ötən tur “Sumqayıt”a qarşı çox yaxşı çıxış etmişdik, həddindən artıq qol vəziyyətlərimiz olmuşdu. Lakin fərqlənə bilməmişdik. Bu oyunda da imkanlarımız çox oldu. İki dəfə önə keçsək də, təəssüf ki, hesabı qoruyub saxlaya bilmədik. Yenə belə alındı.
– “Araz-Naxçıvan”la matçda ikinci qolu siz vurdunuz. Qolunuz həqiqətən də gözəl alındı…
– Nə deyə bilərəm? Sevinirəm ki, komandama kömək edə bildim. Bu, mənim borcum idi.
– Uzaqdan zərbələr üzərində çox işləyirsiniz?
– Belə qollarım əvvəllər də bir neçə dəfə olub. “Şamaxı”da ikən də uzaqdan zərbə ilə fərqlənmişəm. Sevinirəm ki, bu, “Şəfa”da da alındı. Yenə də komandama fayda verməyə çalışacağam.
– “Ayın qolu” nominasiyasında qalib olma şansınızı necə qiymətləndirirsiniz?
– Ümid edirəm ki, qalib olaram, seçilərəm.
– Qusar futbolunun yetirməsisiniz. Orada istedadlı futbolçuların çox olduğunu demək olarmı?
– Deyərdim ki, Qusarda, ən əsası, xarakterli futbolçular yetişir. Orada böyük futbol olsa, “Şahdağ Qusar” Premyer Liqaya qayıtsa, Azərbaycan futbolu üçün çox yaxşı olar. Çünki Qusarda azarkeşlər həddindən artıq çoxdur. Özüm bu klubun akademiyasında çıxış etmişəm, oranın uşaqlarını tanıyıram, onların necə xarakterli olduqlarını bilirəm. Təəssüf ki, bir dönəmdə əvvəlki imkanlar olmadı, akademiya zəiflədi. Ona görə çox da irəli gedə bilmədilər. Bu məsələ üzərində işləsələr, akademiya yenidən güclənsə, inanıram ki, Qusardan çoxlu xarakterli futbolçular yetişəcək.
– Yeri gəlmişkən, “Şahdağ Qusar”ın I Liqadakı çıxışlarını izləyirsiniz?
– Bəli, izləyirəm. Həqiqətən də bu mövsüm çox yaxşı nəticələr göstərirlər. İnanıram ki, Premyer Liqaya qayıdacaqlar. Çox istərdim ki, qayıtsınlar və Qusarda o futbol ab-havasını görək.
– Bəs özünüzə təklif gəlsə, orada oynayarsınız?
– Nə deyim? Xeyirlisi. Hazırda “Şəfa”nın uğurları üçün çalışıram. Onu zaman göstərəcək.
– Lakin “Şəfa” hələ də yaxşı nəticələr göstərə bilmir…
– Yeni komandayıq, heyət tamamilə dəyişib. Bu da uyğunlaşma baxımından bir nüansdır. Lakin artıq adaptasiya olunmalı, nəticə göstərməliyik. Bu, hələlik alınmır. İnanıram ki, yaxşı olacaq.

– “Şəfa”ya keçidiniz necə alındı: “Şamaxı” sizinlə yollarını ayırdı?
– Xeyr, “Şamaxı” mənimlə yollarını ayırmadı. Əksinə, yeni müqavilə təklif etmişdilər. Lakin “Şəfa”nın ambisiya və planları mənə uyğun gəldi. O cəhətdən də özümü bu yöndə sınamaq istədim. Hələ irəlidə vaxtımız var. İnanıram ki, yanılmayacağam. Çünki indiyədək yanılmamışam.
– Bəs maddi şərtlər nə dərəcədə rol oynadı?
– O başqa məsələdir (gülür – red.). Amma əsas məsələ o deyil.
– Azərbaycan millisinə “Şəfa”dan cəmi bir futbolçu – Fərid Yusifli dəvət olunub. Bu baxımdan, özünüzü yığmaya hazır sayırsınız?
– Daha əvvəl U-21-də oynamışam. İnanmıram ki, milli komandaya getmək istəməyən futbolçu olsun. Həqiqətən də çox istərdim. Lakin bu, baş məşqçinin qərarıdır. Ayxan Abbasovun qərarına hörmətlə yanaşıram. Milliyə düşməyə çalışacağam.
Elşən MƏMMƏDOV



No Comment! Be the first one.