Avropa çempionatı: Millimiz möhtəşəm qələbə ilə başladı
Bakıda qadın voleybolçular arasında Avropa çempionatına start verilib.
Sportify.az-ın məlumatına görə, Azərbaycanın ev sahibliyi etdiyi C qrupunun qarşılaşmaları Milli Gimnastika Arenasında təşkil olunub.
Açılış oyununda Azərbaycan və Portuqaliya milli komandaları üz-üzə gəlib. Görüş Faiq Qarayevin baş məşqçi olduğu kollektivin qələbəsi ilə yekunlaşıb – 3:1.
Dolu tribunalar önündə möhtəşəm azarkeş dəstəyi ilə çıxış edən milli sonadək əzmkar oyun sərgiləyib.
İlk seti 25:22 hesablı üstünlüklə tamamlayan meydan sahibləri yalnız ikinci setdə uduzub – 23:25.
Üçüncü seti 27:25 hesabı ilə öndə tamamlayan milli dördüncü setdə qələbəni bayram edib – 25:20.
Qeyd edək ki, qadın voleybolçular arasında Avropa çempionatı 21 avqust – 6 sentyabrda Azərbaycan, Türkiyə, İsveç və Çexiyanın ev sahibliyi ilə keçirilir.
Bakının ev sahibi olduğu C qrupunda Azərbaycan, Niderland, İspaniya, Belçika, Portuqaliya və Rumıniya milli komandaları mübarizə aparır.



No Comment! Be the first one.