Ayşən Abduləzimova: Hər şey özümüzdən asılıdır - MÜSAHİBƏ
Voleybolçu qadınlardan ibarət “Turan” komandasının kapitanı Ayşən Abduləzimova evdə Xorvatiya “Mladost”unu 3:0 hesabı ilə məğlub etdikləri Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçından sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportify.az həmin müsahibəni təqdim edir:
– Görüşü necə dəyərləndirərdiniz?
– İlk oyun, ilk həyəcan… Birinci setdə həyəcanımız daha çox hiss olunurdu. Lakin sonradan ritmi tutduq və 3:0 hesablı qələbə qazandıq. Məncə, sevinmək üçün hələ çox tezdir. Çünki cavab oyunu da vacibdir. Ona görə də bu gün sevinirik, sabahdan isə ikinci oyuna daha ciddi hazırlaşmalıyıq.
– Sanki komanda üçüncü setdə müəyyən qədər çətinlik çəkdi. Bu barədə nə deyə bilərsiniz?
– Həm birinci, həm də sonuncu setdə çətinlik oldu. Birinci setdə həyəcan var idi, sonuncu setdə isə bir qədər rahatlaşmışdıq.
– Azarkeşlər və arenada olan ümumi atmosfer fikirləriniz necədir?
– Azarkeşlər mükəmməl idilər. Buradan rəhbərliyimizə də təşəkkür etmək istəyirəm. Bizim üçün gözəl imkan yaratdılar. Üç ay ərzində belə bir şəraitin təşkil edilməsi, məncə, heç bir yerdə olmayıb. Azarkeşlərimiz də hər zamankı kimi, bizi dəstəklədilər.
– “Turan”ın qrup mərhələsinə adını yazdırmasını gözləyə bilərik?
– Hədəfimiz sadəcə budur.
– Rəqib gözlədiyiniz kimi çıxış etdi, yoxsa hansısa bir epizodda sizi təəccübləndirə bildi?
– Xeyr. Bu oyuna yaxşı hazırlaşmışdıq. Onlar da bizim gözlədiyimiz taktika ilə oynadılar.
– Cavab qarşılaşmasında da komanda bu cür əzmkarlıq sərgiləyərək qələbə qazana biləcək?
– Həmin matç daha çətin olacaq. Çünki səfərdə baş tutacaq. Hər şey bizim özümüzdən asılıdır.



No Comment! Be the first one.