Azər Məmmədov: Yeddi xal bizim üçün yaxşı göstəricidir
Futbol üzrə Misli Premyer Liqasının VI turunda “Kəpəz” doğma meydanda “Sumqayıt”la 1:1 hesablı heç-heçə edib.
Sportify.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Məmmədov oyundan sonra keçirilən mətbuat konfransında qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.
Mütəxəssis azarkeşlərin komandaya dəstəyindən məmnun olduğunu bildirib:
“Maraqlı matç oldu. Düşünürəm ki, azarkeşlərimiz bu görüşdən həzz aldılar. Bu oyunda qələbə qazanmaq istəyirdik. Bir xal da bizim üçün önəmlidir. Gəncə azarkeşlərinə təşəkkür edirəm. Bizi yaxşı şəkildə dəstəklədilər. Oyunçularıma da təşəkkür edirəm. Sayılmayan qolumuzdan sonra psixoloji cəhətdən zəiflik yarandı. Qələbə qazana bilərdik. Komandamdan razıyam. Lakin çalışmaq lazımdır”.
Azər Məmmədov “Kəpəz”in sayılmayan qolu ilə bağlı epizoda hələ baxmadığını deyib: “Vaxt edib baxa bilməmişəm. Hakim belə qərar veribsə, yəqin ki, düzgün qərardır”.
Baş məşqçi komandasının 7 xal toplamasını müsbət qiymətləndirib: “Komandamız yenidən qurulur. Bu isə bir qədər çətindir. Stabillik gətirməyə çalışırıq. Hər matça qələbə üçün çıxırıq. 7 xal bizim üçün yaxşı göstəricidir”.
Mütəxəssis “Kəpəz”in xarakter nümayiş etdirməsindən də danışıb: “Bu statistikanı bilmirdim. Komanda bu gün həqiqətən də yaxşı mübarizə apardı. Son vuruşlarda problemlərimiz var. “Sabah”la oyundan başqa bütün matçlarda qol vurmuşuq. Yekun vuruşlarda oyunçularımızda təcrübə çatmır”.
Onun sözlərinə görə, komandanın ətrafında yaranan mənfi paylaşımlara münasibət bildirib: “Gəncəbasar”ın yaranmasına ən çox sevinən tərəf mənəm. Eyni şəhərin komandalarının yaxşı olması üçün çalışmalıyıq. “Kəpəz” Gəncədə həmişə bir nömrə olub. Azarkeşlər üçün də bu belədir. Statistikaya qayıtsaq, komandanın kiçik də olsa, bu uğuruna sevinmək lazımdır. Dəstəyə ehtiyacımız var. Biz buna layiqik”.
Çalışdırıcı Gəncə şəhər stadionundakı atmosferin futbolçulara təsirindən də söz açıb: “Oyunçularla danışdım. Azarkeşlərin matçdan həzz almalı olduğunu söylədim. Bu qədər azarkeşin olması Azərbaycan futboluna rəng qatır. Düşünürəm ki, milli fasilədən sonra daha yaxşı hazırlaşıb növbəti matçlarda yaxşı oyunlar oynayacağıq”.
Məmmədov Adama Fofananın son epizoddan sonra vəziyyəti ilə bağlı suala belə cavab verib: “Düzünü desəm, mən də bacarmıram. Hər şeyi etməyə çalışır. Aqressiyasını danışmasa, çıxara bilmir”.
Gəncə təmsilçisinin baş məşqçisi komandanın əsas məqsədinin təkcə Premyer Liqada yerini qorumaq olmadığını bildirib: “Bizdə yeni komanda yığılıb. Bir qədər zamana ehtiyacımız var. Beş ildir ki, bu klub hər il dağılıb yenidən qurulur. Əvvəlki “Kəpəz”i gətirmək çətindir. Müəyyən mərhələlərlə gücləndirmək lazımdır. Bu proses bir qədər düşündürücüdür”.
50 yaşlı mütəxəssis “Sumqayıt”ın baş məşqçisi Filipe Kandidonun oyun zamanı fit səslərinin eşidilməsi ilə bağlı fikirlərinə də münasibət bildirib: “Fiti mən də eşidirdim. Bu, hər iki komanda üçün problemdir. Onu axtarıb tapmaq da çətindir. On beş minlik azarkeş tərəfindən edilir. Buna nə edə bilərik? Hər iki komandaya təsir edir”.



No Comment! Be the first one.