Azərbaycanlı döyüşçü UFC-də debüt edir: Rəqibinə meydan oxudu
Azərbaycanlı MMA döyüşçüsü Məhəmmədəli Osmanlı UFC-də debütü ərəfəsində iddialı açıqlamaları ilə diqqət çəkib.
Sportify.az xeber verir ki, 22 yaşlı idmançı (12 qələbə, 1 məğlubiyyət) UFC-nin “The Ultimate Fighter” realiti-şousunun 34-cü mövsümünün yüngül (bantamweight) çəki dərəcəsi üzrə finalda Qırğızıstan təmsilçisi Akılbek Uulu (10-3) ilə qarşılaşacaq.
Döyüş bu gün Las-Veqasda keçiriləcək UFC Fight Night 289 turnirinin proqramında yer alacaq.
Osmanlı ilə Uulu arasında “The Ultimate Fighter” çəkilişləri zamanı da gərginlik yaşanıb. Azərbaycanlı döyüşçü qarşıdakı görüşdə rəqibinə qalib gələcəyinə əmin olduğunu bildirib: “Onun yalnız güləşi var. Başqa heç nə edə bilməz. Güləşməyə, məni yerə yıxmağa çalışacaq, amma mən onu məğlub edəcəyəm. O da bilir ki, uduzacaq. Mən “Syndicate MMA”da məşq edəndə onun meneceri, komandası və dostları məşqlərimə, sparrinqlərimə baxmağa gəlirdilər. Amma bunun mənim üçün heç bir əhəmiyyəti yoxdur. Bilirəm ki, onu çox asanlıqla məğlub edəcəyəm. Bəlkə ilk raundda nokaut, bəlkə də boğucu fəndlə. Fərqi yoxdur. Mən onu bitirəcəyəm”.

Azərbaycanlı döyüşçü Uulu ilə aralarındakı əvvəlki gərginliyə də toxunub: “Uulunun bunun əvəzini ödəməsini istəyirəm. Məni zədələməyə çalışdı və bu, hörmətsizlik idi. Buna görə də rinqdə bunun əvəzini çıxacağam”.
Osmanlının hədəfləri yalnız “The Ultimate Fighter” titulunu qazanmaqla məhdudlaşmır. Gənc döyüşçü UFC tarixində ən gənc çempion rekordunu yeniləmək istəyir. Buna görə də qarşıdakı döyüşü erkən başa vuracağı təqdirdə uzun müddət gözləmək niyyətində deyil: “Döyüşü finişlə, nokautla başa vurmaq istəyirəm. UFC-nin prezidenti Dana Uayt belə döyüşləri sevir. Mənim planlarım var. Ümid edirəm ki, onu asanlıqla məğlub edəcəyəm və daha sonra oktyabrın 24-də Əbu-Dabidə keçiriləcək turnirdə döyüşəcəyəm. Bəlkə reytinqdə ilk 15-likdən olan biri ilə qarşılaşaram. Mən Şon O’Mellini də asanlıqla məğlub edə biləcəyimi düşünürəm”, – deyə Osmanlı əlavə edib.

Qeyd edək ki, Məhəmmədəli Osmanlı turnirin finalına gedən yolda Artyom Belax və Kristian Stronqu boğucu fəndlərlə məğlub edib. Onun döyüş üslubu bəzi mütəxəssislər tərəfindən UFC əfsanəsi Konor Makqreqorun zərbə texnikası ilə müqayisə olunur.
Omid JANNAT



No Comment! Be the first one.