Azər Bağırov: “Qarabağ” cüzi səhvləri bağışlamır
“Şamaxı”nın baş məşqçisi Azər Bağırov səfərdə “Qarabağ”a 1:3 hesabı ilə uduzduqları Misli Premyer Liqasının ilk tur matçından sonra mətbuat konfransı keçirib.
Sportnet.az-ın məlumatına görə, 42 yaşlı mütəxəssis əvvəlcə oyunu dəyərləndirib:
– “Qarabağ”a qarşı oynamaq həmişə çətindir. Xüsusən, ilk turdaca bu komanda ilə üz-üzə gəlməyimiz bəlkə də birinci hissədə futbolçularımızda həyəcan yaratdı. Amma düşünürəm ki, yaxşı oyun oldu. Bu oyundan nəticələr çıxarmalıyıq. Səhvlərimiz var. Qarşılaşmadan əvvəl dediyimiz epizodlarda səhvlər etdik. Daha yaxşı olmaq lazımdır. “Qarabağ” kimi rəqiblərlə matçlarda tapşırıqlar maksimum yerinə yetirilməlidir. Cüzi səhvlər bağışlanmır. Ona görə də çalışacağıq ki, işləyək və siz də daha yaxşı “Şamaxı” görəsiniz. “Qarabağ”ı təbrik edir və komandaya Konfrans Liqasında uğurlar arzulayıram.
– Sponsorsuz “Şamaxı”da hansı dəyişikliklər edə biləcəksiniz?
– Əslində yaxşı heyətimiz var. Yaxşı yerli gənc futbolçularla çalışıram. Azərbaycan futbol cameəsində daha çox legionerə rast gəlinir. Biz isə ölkə futboluna yaxşı oyunçular cəlb etmək istəyirik. İşimiz çətindir, asan iş olmur. Bilirsiniz ki, Premyer Liqada çalışmaq nə qədər çətindir. Zamanla sponsorumuz olar və hər şey yaxşı olar. Öhdəsindən gələrik.



No Comment! Be the first one.