Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiyada yerləşən məşhur “Slovakia Ring” yarış trasında növbəti testlərini uğurla başa vurub.
Sportify.az xəbər verir ki, iki gün davam edən testlərin əsas məqsədi Cəfərovun sürücülük bacarıqlarını, texniki hazırlığını və potensialını qiymətləndirmək, həmçinin potensial sponsorlara təqdim olunacaq rəsmi texniki hesabatı hazırlamaq olub.
Bu, azərbaycanlı pilotun Formula 4 bolidi ilə ikinci test təcrübəsi idi. İlk testlər Portuqaliyanın Portimao trasında güclü yağış şəraitində keçirilmişdi.
Beləliklə, “Slovakia Ring” onun Formula 4 bolidini quru trasda idarə etdiyi ilk sınaq olub. Uzunluğu 5,935 kilometr olan bu trek Avropanın ən uzun daimi yarış traslarından biridir.
Testlərin ən diqqətəlayiq göstəricisi Cəfərovun 2:04.282 saniyəlik ideal dövrə nəticəsi olub. O, belə bir göstərici ilə “Slovakia Ring”də ilk beşlik uğrunda mübarizə aparan təcrübəli pilotun təsnifat nəticəsindən cəmi 0,75 saniyə geri qalıb.
Komandanın texniki hesabatına əsasən, Cəfərovun ilk sessiyalardan etibarən bolidə sürətlə uyğunlaşıb, yüksək idarəetmə qabiliyyəti və təbii sürət potensialı nümayiş etdirib.
Onun mühəndislərlə texniki müzakirələrdə verdiyi rəylər və müşahidələr telemetriya məlumatları ilə uyğunluq təşkil edib. Xüsusilə arxa qanadın sazlanmasından sonra bolidin davranışındakı dəyişiklikləri düzgün qiymətləndirməsi mühəndislər tərəfindən müsbət qarşılanıb.
Testlər ərzində iki dəst yeni və dörd dəst istifadə olunmuş yarış təkərindən istifadə edilib. Formula 4-ə yeni başlayan pilotlar üçün yeni təkərlərin üstünlüklərindən maksimum yararlanmaq adətən çətin olsa da, Cəfərov təcrübəsinin az olmasına baxmayaraq, bu istiqamətdə yüksək performans göstərib.
Komandanın qiymətləndirməsinə görə, onun əsas üstünlükləri təbii sürət hissi, bolid üzərində dəqiq nəzarət, sürətli öyrənmə qabiliyyəti və peşəkar yanaşmasıdır. “Slovakia Ring” testləri Cəfərovun Formula 4-də gələcək inkişafı üçün olduqca ümidverici nəticələr ortaya qoyub.
Azərbaycanlı pilot inanır ki, çox yaxın zamanda ona sponsorlar dəstək olacaq və o karyerasını uğurla, Formula 1-ə səviyyəsinə yüksəlməklə davam etdirəcək.






























No Comment! Be the first one.