Bakıda gimnastika üzrə üçgünlük yarış başa çatdı
10–12 sentyabr tarixlərində Bakı Olimpiya İdman Kompleksində müxtəlif yaş kateqoriyaları üzrə gimnastika yarışları keçirilib.
Sportify.az xəbər verir ki, üç gün davam edən yarışda balaca, yeniyetmə və gənc gimnastlar öz bacarıqlarını nümayiş etdirib, müxtəlif proqramlarda mübarizə aparıblar. İdmançıların xalça üzərindəki çıxışları tamaşaçıların böyük marağına səbəb olub.
Yarışın son günündə 2014–2015-ci il təvəllüdlü yeniyetmə gimnastlar iki qrup üzrə bir alət proqramında çıxış ediblər. Ardınca bu yaş kateqoriyasında çoxnövçülük proqramı üzrə qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
2011–2012-ci il təvəllüdlü gənclər arasında da bir alət proqramı üzrə yarış təşkil olunub. Bu kateqoriyada çoxnövçülük proqramında fərqlənən gimnastlar mükafatlandırılıblar.
Günün ikinci yarısında qrup hərəkətləri üzrə yarışlara start verilib. 2016–2018-ci il təvəllüdlü balaca gimnastlar topla, 2013–2015-ci il təvəllüdlü yeniyetmələr isə lentlə çıxış ediblər. Yarışın sonunda hər iki yaş kateqoriyasında çoxnövçülük proqramının qalibləri və mükafatçıları təltif olunublar.
Üç gün ərzində keçirilən yarış gimnastların zərifliyi, çevikliyi və əzmkarlığı ilə yadda qalıb. İdmançıların çıxışlarını tribunadan izləyən tamaşaçılar uğurlu performansları alqışlarla qarşılayıblar.
Beləliklə, müxtəlif yaş qruplarını əhatə edən gimnastika yarışı başa çatıb. Qaliblər və mükafatçılar fəxri kürsüdə medal və diplomlarla təltif olunublar.



No Comment! Be the first one.