Baş məşqçidən Mahirə tərif: “Qol vurmasa da, qələbədə mühüm pay sahibi oldu”
Polşa çempionatının 14-cü turunda “Rakuv”un səfərdə “Legiya”nı 4:2 hesabı ilə məğlub etməsi yerli mətbuatda geniş əks-səda doğurub.
Sportify.az xəbər verir ki, “Sport.pl” nəşri qarşılaşmadan sonra jurnalist və futbol ekspertlərinin fikirlərini dərc edib.
“Rakuv”un yeni baş məşqçisi David Şvarqanın rəhbərliyi altında nümayiş etdirdiyi oyun müsbət qiymətləndirilib.
“naWylotTV”nin şərhçisi Kamil Qlemboçki isə Azərbaycan millisinin üzvü Mahir Emrelinin keçmiş komandasına qarşı sərgilədiyi performansa xüsusi diqqət çəkib:
“Etiraf etməliyəm ki, belə başlanğıc gözləmirdim. “Legiya” öz meydanında məğlub edildi. Möhtəşəm oyun idi. Bu gün komandanı yalnız tərifləmək olar. Otienoya, Kvyatkovskiyə və müdafiə xəttinə afərin. Tudor da əla çıxış etdi, onun təcrübəsi açıq şəkildə hiss olunurdu. Emreli qol vurmasa da, qələbədə çox vacib rol oynadı”.
Qeyd edək ki, qarşılaşmaya start heyətində başlayan Mahir Emreli komandasının ikinci qolunun ötürməsini verib. Azərbaycanlı hücumçu 73-cü dəqiqədə əvəzlənib.
Mövsümə uğursuz başlayan “Rakuv” yeni baş məşqçi David Şvarqanın rəhbərliyi altında nəticələrini yaxşılaşdırmağa çalışır. Komanda 14 turdan sonra 12 xalla 18 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb.



No Comment! Be the first one.