Bedri Meriçə ABF-də yeni vəzifə
Bedri Meriç Azərbaycan Basketbol Federasiyasında U-14 və aşağı yaş qrupları üzrə oğlan milli komandalarının koordinatoru və baş məşqçisi vəzifəsinə təyin olunub.
Sportify.az xəbər verir ki, türkiyəli mütəxəssis son üç mövsümdə Azərbaycan Basketbol Liqasında baş məşqçi kimi fəaliyyət göstərib.
O, 2023/2024-cü illər mövsümündə “Gəncə”, növbəti iki mövsümdə isə “Şəki” basketbol klubuna rəhbərlik edib.
Bedri Meriçin rəhbərliyi altında Şəki 2024/25 mövsümündə Azərbaycan çempionatının bürünc medalını qazanıb, 2025/26 mövsümündə isə klub tarixində ilk dəfə Azərbaycan Kubokunun yarımfinal mərhələsinə yüksəlib.
Azərbaycandakı fəaliyyətindən əvvəl Meriç Türkiyə Basketbol Liqasında (TBL) köməkçi məşqçi, Türkiyə Basketbol 2-ci Liqasında (TB2L) isə baş məşqçi kimi çalışıb. O, həmçinin TED Ankara Koleji və Atakule Spor Akademiyasında aşağı yaş qrupları ilə işləyib, komandaları ilə yerli yarışlarda və Türkiyə çempionatlarında uğurlar əldə edib.
Yeni təyinatı ilə bağlı Bedri Meriç bildirib:
“Əsas məqsədimiz aşağı yaş qruplarında istedadlı basketbolçuları müəyyənləşdirmək, onların inkişafına şərait yaratmaq və gələcəkdə daha yuxarı yaş qrupları üzrə milli komandalarımızda çıxış etməyə hazırlamaqdır. Federasiya və digər yaş qrupları üzrə milli komandaların məşqçiləri ilə sıx əməkdaşlıq edərək Azərbaycan basketbolunun gələcəyinə xidmət edən uzunmüddətli inkişaf sistemi qurmaq istəyirik”.



No Comment! Be the first one.