Çempionlar Liqası: "Sabah" "Hapoel Beer Şeva"ya uduzdu - YENİLƏNDİ
Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Sabah” pley-off mərhələsində ilk oyuna çıxıb.
Sportify.az xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçi olduğu kollektiv İsrailin “Hapoel Beer-Şeva” komandasının qonağı olub.
Rumıniyanın paytaxtı Buxarestdə keçirilmiş görüş rəqibin əzmkar qələbəsi ilə yekunlaşıb – 2:1.
İtaliyadan olan hakimlər briqadasının idarə etdiyi qarşılaşmada hesabı 6-cı dəqiqədə “Sabah”ın futbolçusu Velko Simiç açıb. Serbiyalı vinger bu mövsüm Çempionlar Liqasında 6-cı qolunu vurub.
Lakin Azərbaycan təmsilçisi qələbə hesabını qoruya bilməyib. Oyun boyu böyük üstünlüyə malik “Hapoel Beer Şeva” Ceyvon İstin 43-cü, İqor Zlatanoviçin 79-cu dəqiqədə vurduğu qollarla geridönüş edib.
Bu komandalar arasında cavab görüşü avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:45-də başlanacaq.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyun
19 avqust
23:00. “Hapoel Beer Şeva” (İsrail) – “Sabah” (Azərbaycan) – 2:1
Qollar: Ceyvon İst, 43. İqor Zlatanoviç, 79 – Velko Simiç, 6
Baş hakim: Davide Massa
Baş hakimin köməkçiləri: Filippo Meli, Alessio Berti
Dördüncü hakim: Matteo Markenaro
VAR: Marko Di Bello
AVAR: Valerio Marini
(Hakimlər briqadası İtaliyadandır)
Buxarest, Giuleşti stadionu



No Comment! Be the first one.