“Çelsi” rəhbərliyində dəyişiklik
İngiltərənin “Çelsi” klubu rəhbərlikdə baş verən dəyişikliklərlə bağlı rəsmi açıqlama yayıb.
Sportify.az xəbər verir ki, London təmsilçisi dünən amerikalı iş adamı Todd Boulinin klubun Direktorlar Şurasının sədri vəzifəsini tərk etməsindən sonra yeni mərhələyə qədəm qoyduğunu bildirib.
Klubun açıqlamasında rəhbərlikdən ayrılan tərəfdaşlara təşəkkür edilib və onların “Çelsi”yə verdiyi töhfələr yüksək qiymətləndirilib: “Biz ümumi məqsəd, aydın istiqamət və gələcəyə inam hissi ilə irəliləyirik. Ambisiyalarımız aydındır: ən yüksək səviyyədə mübarizə aparmaq, böyük kuboklar qazanmaq və davamlı uğur əldə etmək”.
Bildirilib ki, “Çelsi”nin azarkeşləri 120 ildən artıqdır klubun əsas dayağıdır: “Kluba sahiblik etmək məsuliyyəti bizim üzərimizdə olsa da, bu həmişə sizin klubunuz olacaq. Həm meydanda, həm də meydandan kənarda qürur duyacağınız “Çelsi”ni qurmaq üçün sizi dinləməyə çalışacağıq”.
London klubu əsas prioritetin meydandakı uğur olduğunu vurğulayıb.
Açıqlamada Premyer Liqa və digər böyük turnirlərdə qələbə uğrunda mübarizənin, həmçinin komandanın inkişafına davamlı investisiya imkanlarının artırılmasının vacibliyi qeyd edilib.



No Comment! Be the first one.