Çempionlar Liqasının püşkü atılır: "Sabah"ın rəqibləri bəlli olur
2026/2027 mövsümündə UEFA Çempionlar Liqasının liqa mərhələsinin püşkatma mərasimi bu gün Monakoda keçiriləcək.
Table Of Content
Sportify.az xəbər verir ki, “Qrimaldi Forum”da baş tutacaq tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Püşkatmada 36 komanda iştirak edəcək.
Liqa mərhələsində ümumilikdə 144 oyun keçiriləcək. Hər turda 18 qarşılaşma olmaqla, 8 tur nəzərdə tutulub.
Liqa mərhələsinin oyun tarixləri
- I tur: 8, 9 və 10 sentyabr 2026
- II tur: 13 və 14 oktyabr 2026
- III tur: 20 və 21 oktyabr 2026
- IV tur: 3 və 4 noyabr 2026
- V tur: 24 və 25 noyabr 2026
- VI tur: 8 və 9 dekabr 2026
- VII tur: 19 və 20 yanvar 2027
- VIII tur: 27 yanvar 2027
Oyunlar Bakı vaxtı ilə saat 20:45 və saat 23:00-da başlayacaq.
Püşkatma sistemi
36 komanda UEFA klub əmsalları reytinqinə əsasən 4 səbətə, hərəsində 9 komanda olmaqla bölünüb. Çempionlar Liqasının son qalibi 1-ci səbətin ən yüksək pilləsində yer alır.
Hər komanda dörd səbətin hər birindən iki rəqiblə qarşılaşacaq. Bu oyunlardan biri evdə, digəri səfərdə keçiriləcək.
Eyni ölkəni təmsil edən komandalar prinsip etibarilə bir-biri ilə qarşılaşa bilməz. Bundan əlavə, hər komanda başqa bir assosiasiyadan maksimum iki rəqiblə üz-üzə gələ bilər.
Püşkatma prosesi qismən fiziki, qismən isə rəqəmsal şəkildə həyata keçiriləcək. Komandaların adları toplardan əl ilə çıxarılacaq, rəqiblər və oyunların ev-səfər statusu isə xüsusi avtomatlaşdırılmış proqram vasitəsilə müəyyənləşdiriləcək.
Püşkatmanın bütün prosesi müstəqil xarici auditor tərəfindən yoxlanılacaq.
Səbətlər
| 1-ci səbət | 2-ci səbət |
|---|---|
| 1. PSJ (Fransa) | 10. “Borussiya Dortmund” (Almaniya) |
| 2. “Bavariya” (Almaniya) | 11. “Roma” (İtaliya) |
| 3. “Real Madrid” (İspaniya) | 12. “Sportinq” (Portuqaliya) |
| 4. “Liverpul” (İngiltərə) | 13. “Aston Villa” (İngiltərə) |
| 5. “İnter” (İtaliya) | 14. “Portu” (Portuqaliya) |
| 6. “Mançester Siti” (İngiltərə) | 15. “Mançester Yunayted” (İngiltərə) |
| 7. “Arsenal” (İngiltərə) | 16. “Brügge” (Belçika) |
| 8. “Barselona” (İspaniya) | 17. “Betis” (İspaniya) |
| 9. “Atletiko Madrid” (İspaniya) | 18. PSV (Niderland) |
| 3-cü səbət | 4-cü səbət |
| 19. “Feyenoord” (Niderland) | 28. “Slaviya Praqa” (Çexiya) |
| 20. “Lill” (Fransa) | 29. “Slovan Bratislava” (Slovakiya) |
| 21. “Budö Qlimt” (Norveç) | 30. “Ştutqart” (Almaniya) |
| 22. “Napoli” (İtaliya) | 31. “AEK Afina” (Yunanıstan) |
| 23. “Leyptsiq” (Almaniya) | 32. LASK (Avstriya) |
| 24. “Vilyarreal” (İspaniya) | 33. “Komo” (İtaliya) |
| 25. “Fənərbağça” (Türkiyə) | 34. “Lans” (Fransa) |
| 26. “Şaxtyor Donetsk” (Ukrayna) | 35. “Vikinq” (Norveç) |
| 27. “Qalatasaray” (Türkiyə) | 36. “Sabah” (Azərbaycan) |
“Sabah” üçün tarixi püşk
Azərbaycanı Çempionlar Liqasının liqa mərhələsində ilk dəfə “Sabah” təmsil edəcək.
Masazır təmsilçisi 4-cü səbətdə yer alıb və hər səbətdən iki rəqiblə qarşılaşacaq. Beləliklə, “Sabah”ı liqa mərhələsində ümumilikdə 8 oyun gözləyir – 4 ev və 4 səfər qarşılaşması.
UEFA administrasiyası komandaların oyunlarını həftənin hansı günlərində keçirəcəyini və start vaxtlarını müəyyənləşdirəcək. Həmçinin prinsip etibarilə heç bir klub ardıcıl üç ev və ya üç səfər oyunu keçirməməlidir. Hər komanda ilk iki və son iki turda bir ev, bir səfər matçı keçirməlidir.
Liqa mərhələsinin bütün oyunlarının dəqiq təqvimi ən geci 29 avqust tarixində açıqlanacaq.



No Comment! Be the first one.