Cenk Sümer: "Neftçi" boş tribunalar önündə oynamağa layiq deyil - MÜSAHİBƏ
“Neftçi”nin prezidenti Cenk Sümerin “Kəpəz”ə 1:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqası XI tur matçından sonra Sportify.az-a müsahibəsi:
– İlk növbədə Zəfər Bayramınız mübarək olsun. Vətənimiz uğrunda canlarından keçən şəhidlərimizi ehtiramla yad edirik. Onlar ölkəmizin bütövlüyünü qorumaq naminə müqəddəs bir vəzifəni yerinə yetirdilər. Həm şəhidlərimizə, həm də qazilərimizə Allahdan rəhmət və can sağlığı diləyirəm. Geridə qalan ailələrinə səbir arzulayıram. İnşallah, ölkə olaraq bir daha belə hadisələrlə üzləşmərik.
– Oyunla bağlı fikirləriniz necədir?
– Yaxşı oyun oldu. İstədiklərimizi həyata keçirdik. Komanda yaxşı çalışdı. Baş məşqçimizdən, texniki heyətimizdən və futbolçularımızdan razıyıq. Hər kəs üzərinə düşən vəzifəni sonadək yerinə yetirdi. “Neftçi”yə yaraşan futbol sərgilədik. Buna görə də xoşbəxtik. Hər həftə əldə etdiyimiz nəticələr gələcəyə olan ümidlərimizi daha da artırır. Qarşılaşmanın rəqibini də təbrik edirəm. “Kəpəz” baş məşqçisi, komandası, rəhbərliyi, stadionu və azarkeşləri ilə çox yaxşı işlər görür. Diqqətimizi cəlb edirlər və çempionata rəng qatırlar. Onlar da gözəl oynadılar, sonadək mübarizə apardılar. Meydanda yüksək səviyyəli mübarizə var idi. Bunlardan məmnunam.
– İlk dövrə başa çatdı. “Neftçi” lider kimi ilk yarını tamamladı. Komandanın çıxışını necə dəyərləndirirsiniz? Bundan daha yaxşısı mümkündürmü?
– Hədəfimiz daha yaxşı nəticələr əldə etmək və bunu davamlı etməkdir. Əsas məqsədimiz sabitliyi qorumaqdır. “Neftçi” bu xarakterə sahib komandadır. Hər bir futbolçumuz bunu meydanda göstərir və biz də onlara inanırıq. Amma dediyim kimi, bu, asan deyil. Ardıcıl qələbələr qazanmaq, hər oyunda meydana çıxıb mübarizə aparmaq çətindir. Bu mövsüm komandamızda həmin əzmi və istəyi görürük. Ümidimiz bu tempi qorumaq, hətta daha da artırmaqdır. Çünki liqa çox çətindir, rəqiblərimiz güclüdür. Artıq kiçik və böyük rəqib anlayışı yoxdur. Hər oyun fərqli keçir, nəticələr dəyişə bilir. Əsas məsələ mübarizənin içində olmaq və məğlubiyyətlər yaşamadan yolumuza davam etməkdir.
– Komandanın nəticələri və hazırkı gedişatı azarkeşləri sevindirir. Bununla yanaşı, qış transfer dönəmində qapıçı axtarışına çıxmağınızla bağlı iddialar var. Bu xəbərlər doğrudurmu? Yeni qapıçı transferi planlaşdırılır?
– Bu iddialara cavab olaraq deyə bilərəm ki, hələlik belə bir axtarışa çıxmamışıq. Biz hər transfer dönəmində bütün mövqelər üzrə hazırlıq görürük. Futbolda hər şey mümkündür. Futbolçumuza təklif gələ bilər, zədələnmə yaşana bilər və ya hansısa oyunçunun performansı aşağı düşə bilər. Bu baxımdan baş məşqçinin hesabatı önəmlidir. Hələ ki, qarşıdakı transfer dönəmi ilə bağlı baş məşqçimizdən transfer siyasətimizə istiqamət verəcək məlumat almamışıq. Amma skaut departamentimiz və futbol şöbəmiz bu istiqamətdə fəaliyyətlərini davam etdirirlər. Ehtiyac olmasa belə, bazarı izləyirlər. Hazırda xaricdə, bir neçə ölkədə canlı oyunları izləyən əməkdaşlarımız var. Onlar milli komandaların fasiləsindən əvvəl son tur qarşılaşmalarını da izləyiblər. Gələcək hesabatlara və büdcəmizə uyğun olaraq hədəflərimizə xidmət edəcək transferlərin həyata keçiriləcəyini düşünürəm.
– Ötən oyunun ikinci hissəsi ilə müqayisə etsək, bu gün “Neftçi”nin daha inamlı oynamasında və nəticələr qazanmasında ehtiyat oyunçuların geniş heyətə malik olmasının da rolu görünür. Məsələn, ötən matçda ehtiyatdan meydana daxil olan futbolçu qol vurmuşdu. Bu gün də əvəzetmələr nəticəyə təsir etdi. Ehtiyat qüvvənin geniş olması nəticələrdə özünü göstərirmi?
–Doğru qeyd edirsiniz. Heyət dərinliyi ilə bağlı bütün bunlar əvvəlcədən aparılan planlaşdırmanın nəticəsidir. Xatırlayırsınızsa, mövsümün əvvəlində də burada sizinlə görüşəndə bildirmişdik ki, artıq planlaşdırmaya başlamışıq. Bu, ötən mövsümdən etibarən hazırladığımız strategiyanın ilk mərhələsi idi. Hazırda meydanda gördüyünüz futbolçulardan 4-5-i məhz həmin əməyin nəticəsidir. Daha sonra yay transfer dönəmində Varqas istisna olmaqla, 9 futbolçu transfer etdik. Onların komandaya uyğunlaşması və adaptasiyası da müəyyən zaman tələb edirdi. Biz bu planlaşdırma çərçivəsində irəliləyirik. Qarşıda yenə planlarımız var. Çünki “Neftçi”nin inkişafı üçün üç transfer dönəmini əhatə edən bir proses nəzərdə tutmuşduq. Bu müddətdə səbirli olmaq lazım idi. Düşünürəm ki, ilk mərhələni düzgün keçdik. Amma bunu davam etdirməliyik. Eyni ciddiyyəti və çalışqanlığı bütün komandalarımızda qorumaq vacibdir. Ehtiyatdan meydana daxil olan futbolçuların komandaya verdiyi töhfəni oyunlarda görürük. Məqsədimiz də məhz bu idi. Buna nail olduğumuz üçün məmnunuq. Bu işdə texniki heyətimizin də böyük əməyi var.
– Komandanın mümkün çempionluğu və ya lider mövqedə olması qış transfer dönəminə təsir edə bilərmi?
– Bəli, təsir edə bilər. Bütün ehtimalları, müsbət və mənfi amilləri nəzərə almaq məcburiyyətindəyik. Amma burada əsas məsələ transfer deyil, mövcud heyəti qorumaq və komandanı daha da irəli aparmaqdır. Bəlkə də az oynayan, yaxud hələ istənilən səviyyədə fayda verməyən futbolçularımız var. Onları meydana qaytararaq daha yaxşı nəticə əldə etmək də bir növ transferdir. Bizim üçün hər qəpik dəyərlidir. Pulumuzu düşünülməmiş şəkildə xərcləyə bilmərik. Bu məsələlərdə çox diqqətli, qənaətcil və səmərəli davranmalıyıq. Hələ daha çox fayda götürəcəyimiz futbolçularımız var. Onlardan nəticə gözləyirik. Transfer məsələsini isə ikinci planda dəyərləndiririk.
– Komandanın kapitanı Emin Mahmudov milli karyerasını başa vurduğunu açıqlayıb. Onun gələn yay “Neftçi” ilə müqaviləsinin müddəti başa çatır. Karyerasını məhz “Neftçi”də bitirməsi ilə bağlı sizinlə danışığı olubmu? Belə bir plan varmı?
– Xeyr, hazırda müqavilənin yenilənməsi ilə bağlı konkret vəziyyət yoxdur. Çünki onunla 1+1 illik müqavilə imzalamışıq. Amma ilk növbədə Eminin milli komandaya uzun illər ərzində verdiyi töhfəni xüsusi şəkildə qeyd etmək istəyirəm. Düşünürəm ki, qarşıdakı oyun onun üçün bu möhtəşəm karyeranı taclandıracaq bir matç olacaq. Buna görə çox həyəcanlıyıq. Milli komanda ilə bağlı məsələ olduğundan, bu qədər dəyərli futbolçunun yığmadan ayrılmasına görə üzgünəm. Amma eyni zamanda həm Emin, həm də “Neftçi” adına qürurluyam. Belə medallara və uğurlara layiq futbolçu yetişdirməyimiz çox önəmlidir. O, bizim kapitanımızdır və onunla fəxr edirik. Emin bizim kapitanımızdır və bu, belə də bilinməlidir.
– Son vaxtlar Breno ilə bağlı müxtəlif xəbərlər yayılır. Klub onunla bağlı indiyədək hər hansı rəsmi təklif alıbmı?
– Kiprdən təklif gəldi. Bu cür xəbərlərin yayılması normaldır. Yaxşı oynayan futbolçular haqqında belə məlumatlar çıxır. Breno hazırda bombardirlər siyahısında ön sıralardadır və çox yaxşı mövsüm keçirir. Biz də onu məhz belə çıxış etsin deyə transfer etmişdik. Eyni hal digər futbolçularımıza da aiddir. Hazırda əsas hədəfimiz mövsümün sonunda çempion olmaq, 90 illiyimizə yaraşan şəkildə kuboklar qazanmaqdır.
– “Kəpəz”in azarkeşlərini xüsusi qeyd etdiniz. Ancaq bu gün “Neftçi” liderdir, yaxşı oyun göstərir. Buna baxmayaraq, tribunalar hələ də istənilən səviyyədə dolmur. Sizcə, bunun səbəbi nədir?
– Bu, bizim ən böyük yaralarımızdan biridir. Azarkeşlərimizi məbədimizə, tribunalarımıza dəvət edirik. Əlbəttə, hər kəsin özünə görə məntiqli səbəbləri ola bilər. Amma “Neftçi” bugünkü kimi boş tribunalar qarşısında oynamağa layiq deyil. Azarkeşlərimiz üçün hər şeyi hazırlamağa çalışırıq və bu istiqamətdə ciddi işlər görürük. Gələcəkdə daha gözəl yeniliklərimiz olacaq. Milli komandaların fasiləsindən sonra komandada da müəyyən yeniliklər nəzərdə tutulub. Qapımız onların üzünə hər zaman açıqdır. Bura onların evidir və istəyirik ki, bu evdə özlərini rahat hiss etsinlər, gəlib komandamıza dəstək olsunlar, gücümüzə güc qatsınlar. Azarkeşsiz bu iş mümkün deyil. Bu gün stadionda olan, 90 dəqiqə ərzində komandamızı dəstəkləyən və tribunadan səsini əsirgəməyən bütün azarkeşlərimizə ayrıca təşəkkür edirəm.
Bahar RÜSTƏM



No Comment! Be the first one.