Səfərdə “Qəbələ”ni 3:0 hesabı ilə məğlub etdikləri Misli Premyer Liqasının VI tur matçından sonra “Neftçi”nin türkiyəli baş icraçı direktoru Cenk Sümerin Sportify.az-a müsahibəsi
– “Neftçi”nin Azərbaycan çempionatları tarixində 1000-ci oyunu böyük hesablı səfər qələbəsi ilə əlamətdar oldu. Mövsümün ilk milli fasiləyədək olan dövründə klubunuzun göstərdiyi nəticələri necə dəyərləndirirsiniz?
– Bizim üçün mövsüm çətin başladı. Yeni bir komandamız var, 9 oyunçu transfer etdik, heyətimizdən 10 futbolçu getdi. Mövsümü erkən açmağımız, Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşündə kifayət qədər qol vura bilməyib mübarizəni dayandırmağımız, təbii ki, mənəvi baxımdan bizi bir az düşürdü. Lakin daha sonra komanda tez və asan reaksiya verdi, müsbət işlər görməyə başladı. Liqa hələ çox uzundur. Amma nəticə etibarilə, bu günə qədər 1000-ci matçı oynamağın qürurunu yaşayırıq. Ölkənin bu uğura sahib olan ilk klubu olaraq qürurluyuq. Bugünkü nəticə həm azarkeşlərimizə, həm də camiəmizə xeyirli olsun. Oyunçular əllərindən gələni etdilər. Qarşı tərəfdəki rəqibimiz də kifayət qədər istəkli və arzulu oynadı. Onlar da futbolu gözəlləşdirmək üçün əllərindən gələni etdilər, onları da təbrik edirəm. Düşünürəm ki, yeni baş məşqçi (Jeton Bekiri – red.) ilə önümüzdəki günlərdə öz komanda ruhlarına uyğun hala gələcək və uğurlu nəticələr əldə edəcəklər. Bizim də dediyim kimi, bu mövsüm hədəfimiz elə ən başından bəri qeyd etdiyimiz kimi, 90-cı ildönümüzdə müvəffəq olub şampiyonluq kubokunu müzemizə aparmaqdır.
– İndiyədək “Neftçi” ikinci “6-lıq” komandalarına qarşı çox yaxşı performans göstərib. İlk “6-lıq”dan yalnız “Zirə” ilə oynadınız və uduzdunuz. Bundan sonra daha güclü komandalar, daha güclü rəqiblər gələcək. Ne düşünürsünüz: Heyət həmin komandalara qarşı oynamaq üçün kifayətdirmi?
– Nəticə etibarilə, oyunun kiçiyi, böyüyü olmaz. Bəli, bəlkə də turnir cədvəlində yuxarıda olan komandalarla hələ oynamamışıqsa da, hər oyunun özünəməxsus çətinliyi var. Biz öz komandamıza güvənirik. Zatən bu kollektivi formalaşdırarkən mövsümün əvvəlində məşqçimizlə etdiyimiz planlaşdırmada hədəfimiz yaxşı oyunu nümayiş etdirə biləcək heyət yığmaq idi. Bunu reallaşdırdıq. Müəyyən bir uyğunlaşma prosesi var. Yenə təkrar edirəm, 9 yeni oyunçumuz var. Ölkəyə, mühitə, ailələrini bura uyğunlaşdırmağa, komanda yoldaşlarına və meydançalara öyrəşməyə çalışırlar. Bu səbəbdən, çalışmağa davam edəcəyik, heç nə bitməyib. Bizim üçün hər bir rəqib eynidir, hamısına hörmətlə yanaşacağıq. Rəqibin kiçiyi və böyüyü, zəifi və güclüsü, asanı və çətini yoxdur. Biz hamısı ilə eyni diqqətlə, eyni həssaslıqla mübarizəmizə davam edəcəyik və qələbələr qazanmağa çalışacağıq.
– Sizcə, çempionatda rəqabət ötən mövsümə nəzərən artıb, yoxsa…?
– Burada üçüncü mövsümümdür. Ötən və hətta ondan əvvəlki mövsümlə müqayisə etsəm, hər mövsüm inkişaf edən bir liqa var. Buna görə çox şadam, çünki keyfiyyət artır. İstər AFFA, istərsə də Peşəkar Futbol Liqası bu keyfiyyəti artırmaq üçün çox müsbət işlər görürlər. Eyni zamanda klublarımız da… Diqqət edin, Çempionlar Liqasının əsas mərhələsinə ardıcıl iki mövsüm vəsiqə qazanan komandaları var Azərbaycanın. Önümüzdəki illərdə biz də orada yerimizi alacağıq. Dediyim kimi, rəqabət artır, liqa çətinləşir. Bunun milli komandaya da müsbət təsiri olacaq. Biz Azərbaycan klubları və Azərbaycan milli komandası olaraq, Avropada da mübarizəmizə davam edəcəyik və uğurlu olacağıq.
– Belə üst-üstə qələbələrdən sonra milli fasilənin olması komandaya necə təsir edə bilər?
– Üst-üstə qələbələrin zərəri yox, əksinə, faydası olar. Milli fasilə komandanın oturuşması üçün lazımdır. Siz də bayaq “komanda hazırdırmı?” deyə soruşdunuz. Komandanı hazırlamağa, adaptasiya prosesini bitirməyə çalışırıq. Kollektiv üzərində təkrarən çox işləmək lazımdır. Çox çalışqan məşqçilər korpusumuz və baş məşqçimiz Yuri Vernidub var. Heyət üzərində gecə-gündüz işləyirlər. Bu, təkcə analizə baxmaq və ya meydançada məşq etmək deyil. Mən klub binasında onlarla uzun iş saatları keçirirəm. Bu baxımdan milli fasilənin bizə faydalı olacağını düşünürəm. Bir yoxlama matçımız olacaq və hazırlığı tamamlamaq istəyirik. Daha sonra önümüzdəki oyunlara baxacağıq.
– Azərbaycan milli komandasının Millətlər Liqasında şanslarını necə dəyərləndirirsiniz: Yığmanın səviyyəsi necədir?
– Səviyyə qalxır, bunu aydın deyə bilərəm. Çox istedadlı oyunçularınız var. Baş məşqçi Ayxan Abbasov da özünü bu işə həsr etmiş mütəxəssisdir. Bəyənirəm, oynatmağa çalışdığı oyunu, əlindəki imkanları ən doğru şəkildə istifadə etməyə və xallar toplamağa cəhd edən bir strukturu var. Araşdırır, bütün oyunçuları tək-tək izləyir. Bizim stadonda da matçlarımızı diqqətlə izləyir. Şansımızın olduğunu və tədricən inkişaf edəcəyimizi düşünürəm. Ölkəmizdəki yerli futbolçuların keyfiyyətini artıraraq milli komandaya xidmət edə biləcəklərinə inanıram. Oynamadan oyun qazanılmaz. Əminəm ki, Azərbaycan milli komandasının formasını tərlədən hər bir futbolçu aslanlar kimi mübarizə aparacaq, cəsarətlərini ortaya qoyacaq. Buna əminəm.
Haşım MƏMMƏDOV



No Comment! Be the first one.