Ceyhun Nuriyev: Zərbə artıq bizə dəyib - MÜSAHİBƏ
Azərbaycan millisinin futbolçusu Ceyhun Nuriyev evdə Litvanı 1:0 hesabı ilə məğlub etdikləri UEFA Millətlər Liqasının D Liqasının oyunundan sonra brifinq keçirib.
Sportify.az xəbər verir ki, milliyə “Araz-Naxçıvan”dan dəvət almış 25 yaşlı yarımmüdafiəçi əvvəlcə matçı dəyərləndirib:
– Əslində, belə gərgin oyun olacağını bilirdik. Gözlədiyimizdən də daha gərgin qarşılaşma oldu. Litva da başa düşürdülər ki, bu gün onlar üçün son şans idi. Uduzsaydılar, şansları çox azalacaqdı. Bizim üçün də son şans idi. Lixtenşteynlə oyundakı çox məyusedici nəticədən sonra toparlana bildik. Bu gün yaxşı mübarizə apardıq və layiq olduğumuz qələbəni qazandıq.
– Lixtenşteynlə oyundan sonra nəyi dəyişdiniz ki, bu matçda qalib gələ bildiniz?
– Lixtenşteynlə oyunla müqayisədə bu gün daha çox istədik. Üç gün əvvəl Lixtenşteyn bizdən daha istəkli idi. Nə qədər səviyyə fərqimiz onlardan yuxarı olsa da, meydanda döyüşmədən, qələbəni yetərincə istəməsən, qələbə qazana bilməzsən. Üç gün əvvəlki oyun bizim üçün ağır zərbə oldu, bir növ soyuq duş idi. Bu gün isə elə bil həmin zərbədən ayrılıb qələbə qazana bildik.
– İlk dəfə bu qədər uzun milli fasilə oldu. Bu, futbolçulara yaxşı təsir edəcək, yoxsa pis?
– Məncə, daha yaxşı oldu. Üç ay ərzində 10 gün-10 gün yığışmaqdansa, belə uzun fasilənin olması bizim üçün daha yaxşı oldu. Artıq cümə günü keçiriləcək “Kəpəz”lə oyunu düşünürəm. Məncə, oyunçular üçün heç bir problem yoxdur. Çox da fərq etmir. Hətta fikrimcə, daha yaxşıdır.
– “Kəpəz” azarkeşləri çoxluq təşkil edirlər. Bu, sizə necə təsir edə bilər?
– Ev oyunumuzu Şamaxıda keçirəcəyik. Ona görə də tribunalarda gəncəlilərin sayı daha az olacaq. Amma hər bir halda gələcəklər. Az da olsalar, onlarda “Kəpəz” sevgisi hiss olunur, görünür. Məncə, rəqibin azarkeş sayının çoxluğu bizim üçün çətinlik yaratmayacaq.
– Lixtenşteynlə səfər oyunu haqqında fikirləriniz nələrdir?
– Bu oyunadək bir aydan çox vaxtımız var. Lixtenşteyni udsaq, qrup lideri olacağıq. Yenə heç-heçə etsək, deyəcək söz tapmıram. Bunu fikirləşmək də istəmirəm. Artıq zərbə bizə dəyib. Ona görə də inanıram ki, ikinci dəfə eyni vəziyyətə düşməyəcəyik.
Bahar RÜSTƏM



No Comment! Be the first one.