Cüdo məşqçiləri üçün beynəlxalq təlim başa çatdı
Beynəlxalq Cüdo Federasiyası (BCF) Akademiyasının cüdo məşqçiliyi üzrə 150-ci proqramının iştirakçılarına sertifikatların təqdim olunması mərasimi keçirilib.
Sportify.az xəbər verir ki, tədbirdə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Milli Olimpiya Komitəsinin Beynəlxalq Proqramlar İdarəsinin direktoru Ceyhun Rəhmanov, Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu, federasiya prezidentinin müşaviri Natiq Bağırov və BCF Akademiyasının rəhbərliyi iştirak edib.
Mərasimdə çıxış edən Rəşad Rəsullu proqramın Azərbaycanda keçirilməsinə göstərilən dəstəyə görə BCF prezidenti Marius Vizerə, BCF Akademiyasının rəhbərliyinə, eləcə də yerli tərəfdaşlara və ekspertlərə təşəkkürünü bildirib. O, məşqçi hazırlığı və təhsil proqramlarının ACF-in inkişaf strategiyasının əsas istiqamətlərindən biri olduğunu vurğulayıb və iştirakçılara qarşıdakı imtahanlarda uğurlar arzulayıb.
Elnur Məmmədov və Ceyhun Rəhmanov çıxışlarında peşəkar məşqçi hazırlığının inkişafında beynəlxalq təhsil proqramlarının əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, bu cür təşəbbüslər yerli mütəxəssislərin bilik və təcrübəsinin artırılmasına, həmçinin cüdoda müasir yanaşmaların tətbiqinə töhfə verir.
Sonda proqramda iştirak edən məşqçilərə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun və Gənclər və İdman Nazirliyinin dəstəyi, Milli Olimpiya Komitəsi ilə Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə ölkəmizdə altıncı dəfə keçirilən proqramda Azərbaycanla yanaşı, Hindistan, Tacikistan, Cibuti, Niderland, Finlandiya, ABŞ və Rusiyadan ümumilikdə 62 nəfər iştirak edib.




No Comment! Be the first one.