Cənab Dambrauskas, bəlkə bir az yavaşlayasınız? - VİDEO
“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas savadlı mütəxəssis olmaqla yanaşı, həm də yüksək natiqlik qabiliyyətinə malikdir. Mətbuat konfranslarında əksər suallara geniş və əhatəli cavablar verir. Buna görə də cavabları uzun alınır.
Belə bir məqamda klubun tərcüməçisi Nahid Ramazanovun üzərinə həqiqətən də böyük iş düşür. O, nəinki oturaq şəraitdə mətbuat konfranslarında, həm də ayaqüstü brifinqlərdə də Dambrauskasın fikirlərinin tərcüməsini dəftərinə sözbəsöz, cümləbəcümlə yazır, sonra da səsləndirir.
Yazıb tamamlama prosesi baş məşqçinin fikirlərini bitirdiyi vaxtdan sonra bir neçə saniyə çəkir. Bu zaman Dambrauskasın da nəzərləri tərcüməçiyə yönəlir. Sanki bədən dili ilə “niyə tərcümə etmirsən?” sualını ünvanlayır.
Nahid Ramazanov isə nə kəsir, nə doğrayır, nə də hansısa cümlələri ümumiləşdirib deyir. Sadəcə, tərcüməni olduğu kimi edir.
Təqdirəlayiqdir!
Etiraf edək ki, əksər tərcüməçilər belə etmirlər. Elələri var ki, baş məşqçilərin danışığını heç yerə qeyd etmədən bədahətən tərcümə edirlər. Buna görə də dəfələrlə deyilən sözlərin azərbaycancaya olduğu kimi çevrilməməsinin şahidi oluruq.
Bir neçə saat əvvəl başa çatmış “Kəpəz”lə oyundan sonra “Sabah”ın baş məşqçisinin suala verdiyi 2,5 dəqiqəlik sürətli danışıqla cavab və təxminən o uzunluqda çəkən tərcümənin videosunu paylaşıram.
Diqqət edək: Dambrauskas fikirlərini tamamlayır və üzünü tərcüməçiyə çevirir. Tərcüməçinin hələ də yazmaqda olduğunu görüb gülümsünür. Yəqin ki, yanındakının zəhmətkeşliyindən zövq alır.
Amma məncə, baş məşqçinin daha lakonik olmasına ehtiyac var. Çünki uzun danışığı mətbuat konfransında sualların sayını da azaldır və jurnalistlərin daha çox sual verməsinin qarşısını alır.
Başqa sözlə, Dambrauskasın cavabları o qədər genişdir ki, bəzən növbəti sualı verməyə yox, tərcüməçinin əvvəlki cavabı yazıb bitirməsinə vaxt çatır. Məsələn, elə son mətbuat konfransı 11 dəqiqəyədək davam etdiyi halda, cəmi 2 suala cavab verilib…
Sonra da Dambrauskas deyir ki, niyə mənə “Sabah”dan sual vermirsiniz?
Pone Dambrauskai, gal galėtumėte šiek tiek sulėtinti tempą?
Elşən MƏMMƏDOV



No Comment! Be the first one.