Donald Tramp UFC prezidentinə yeni vəzifə təklif etdi
ABŞ Prezidenti Donald Tramp UFC rəhbəri Dana Uayta Ağ Evin mətbuat katibi vəzifəsini təklif edib.
Sportify.az xəbər verir ki, Tramp bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O, eyni zamanda MMA döyüşçüləri İslam Mahaçev və Həbib Nurməhəmmədovu da administrasiyasının fəaliyyətinə cəlb etmək istədiyini bildirib: “Böyük Dana Uayta, sərt döyüşçüyə və müharibə adamına ABŞ prezidentinin mətbuat katibi vəzifəsini təklif etdiyimi məmnuniyyətlə bildirirəm. Ondan köməkçilərini də özü ilə gətirməsini istədim. Hətta onların bəziləri bizim ölkədən olmasa belə: İslam Mahaçev, Həbib Nurməhəmmədov, Castin Qeyci, Daniel Kormye, Amanda Nunes və Kayla Harrison. Bizə bu insanlar lazımdır ki, bizi çılğın solçulardan qorusunlar. Dana əvəzolunmaz mətbuat katibi olacaq. Dana, xahiş edirəm, təklifi qəbul et!”.
“TMZ” portalının məlumatına görə, Uayt noyabrın 9-da Donald Trampla görüşərək Ağ Evin mətbuat katibi olmaq təklifini müzakirə edəcək.
Qeyd edək ki, Dana Uayt 2001-ci ilin yanvarından UFC-yə rəhbərlik edir. Həmin vaxt Fertitta qardaşları təşkilatı 2 milyon ABŞ dollarına satın alıb və Uayt şirkətdə pay sahibi olmaqla yanaşı, prezident vəzifəsini də tutub.
Donald Tramp və Dana Uaytın dostluğu 2000-ci illərin əvvəllərinə təsadüf edir. Tramp o vaxt yeni formalaşan UFC-yə dəstək verərək, 2001-ci ildə UFC 28 və UFC 30 turnirlərinin özünün “Trump Taj Mahal” hotelində keçirilməsinə şərait yaradıb. Bu, ABŞ-da qarışıq döyüş sənətlərinə qarşı qadağaların və boykotların hökm sürdüyü dövr idi.



No Comment! Be the first one.