Eldəniz Əzizli istəyinə çatdı – Karyerasını bitirəcəkmi?
Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Qazaxıstanın Astana şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.
Sportify.az xəbər verir ki, 34 yaşlı idmançı 55 kq çəki dərəcəsinin finalında iranlı Pəyyam Əhmədiyə 3:1 hesabı ilə qalib gəlib. Bununla da Əzizli karyerasında beşinci dəfə dünya çempionu tituluna yiyələnib.
Azərbaycanlı güləşçi yarımfinalda 2025-ci ilin dünya çempionu, gürcüstanlı Vaxтанq Loluanı məğlub etmişdi. Həmin qələbədən sonra o, beşinci dünya çempionluğu titulunu qazandıqdan sonra karyerasını başa vuracağını açıqlamışdı.
Finalda Əzizlinin qarşısında ötən il Zaqrebdə keçirilən dünya çempionatının yarımfinalında onu 3:1 hesabı ilə məğlub etmiş iranlı rəqib dayanırdı. Cəmi 20 yaşı olan Əhmədi ilə qarşılaşmada təcrübə həlledici rol oynadı.
Görüşün ilk hissəsində rəqiblərdən heç biri xal qazana bilmədi. İkinci hissədə isə iranlı güləşçi xal əldə etmək üçün hücuma keçdi. Əzizli rəqibinin fənd cəhdini vaxtında dəf edərək onu döşəyə sıxdı və iki xal qazandı. Bu epizoddan sonra hesab 3:1 oldu və azərbaycanlı pəhləvan üstünlüyünü sona qədər qorudu.

Əzizli qələbəsini uzun illər davam edən zəhmətin nəticəsi kimi dəyərləndirib.
“Bu il çox ağır çalışdıq, məqsədlərimizi müəyyənləşdirdik və onlar uğrunda mübarizə apardıq. İnanıram ki, bu il yenidən dünya çempionu olmağı hamıdan çox mən istəyirdim”, – deyə o bildirib.
Təcrübəli güləşçi ötən il dünya çempionatında üçüncü yeri tutmasını arzuladığı nəticə hesab etmədiyini də vurğulayıb. Məhz buna görə bir il ərzində yenidən çempion olmaq üçün çalışdığını qeyd edib.
Əzizli karyerasının uzunluğuna da diqqət çəkib. Onun sözlərinə görə, güləşlə 27-28 ildir məşğul olur. Finalda və yarımfinalda qarşılaşdığı gürcüstanlı və iranlı rəqiblər dünyaya gələndə o, artıq Avropa çempionu idi.
“Beyləqandan gəlmək, Bakıda məşq etmək, bütün çətinliklərdən keçmək, məğlubiyyətlər yaşamaq və nəhayət, beşinci dəfə dünya çempionu olmaq məqsədinə çatmaq… Bütün karyeram, sanki, gözlərimin önündən keçdi”, – deyə azərbaycanlı idmançı bildirib.
Qeyd edək ki, Eldəniz Əzizli ilk dünya çempionluğunu 2018-ci ildə qazanıb. O, 2022, 2023 və 2024-cü illərdə də ardıcıl olaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Azərbaycanlı güləşçinin dünya çempionatlarında beş qızıl medalla yanaşı, üç bürünc mükafatı da var. Əzizli Avropa çempionatlarında isə ümumilikdə səkkiz medal qazanıb, onların ikisi qızıl olub.
Beləliklə, Eldəniz Əzizli dünya çempionatlarında beş dəfə qızıl medal qazanan güləşçilər sırasına qoşulub. İndi diqqət onun yarımfinaldan sonra verdiyi karyerasını bitirmək qərarına əməl edib-etməyəcəyinə yönəlib.



No Comment! Be the first one.