Elnur Cəfərov: Gərək futbolçu topu əli ilə qapıdan çıxarsın? - MÜSAHİBƏ
“Şəfa”nın kapitanı, 29 yaşlı yarımmüdafiəçi Elnur Cəfərovun evdə “Araz-Naxçıvan”la 2:2 hesablı heç-heçə etdikləri Misli Premyer Liqası XI tur matçından sonra Sportify.az-a müsahibəsi (I hissə):
– Oyunu necə dəyərləndirərdiniz?
– Məncə, hər şey göz qabağında idi. Nə deyə bilərəm? Söhbəti uzatmaq istəmirəm. Dominant oynadığımız matçda iki xal itirdik. Fürsətlərimiz oldu, rəqibdən daha çox qol epizoduna girdik, amma onlardan yararlana bilmədik.
– Xal itkisində hakimliyin də rolu oldumu?
– Məncə, haqqımıza girdilər. Ən azından baş hakim Əliyar Ağayev həmin epizodu VAR-da izləmək üçün çağırıla bilərdi. Oyundan sonra epizoda baxdım. Yəni, başqa nə vaxt penalti verəcəklər? Top ələ dəyibsə… Özü də əvvəlki oyunda başa düşdük ki… Əslində başa düşmədik, necə deyərlər, “Sumqayıt”ın oyunçusu öz qapıçısının əlindəki topa istəmədən əllə toxunmuşdu deyə. yaxşı mənada yola verdik. Amma “Araz-Naxçıvan”la görüşdəki epizod açıq şəkildə penalti idi. Çünki qol epizodu idi. Top ələ dəyməsəydi, bizim futbolçumuz başla zərbə endirəcəkdi. Baş hakimi bu məsələdə qınaya bilmərəm, amma VAR-da əyləşən hakimlər onu mütləq çağırmalı idilər. Ən azından baş hakim epizoda baxıb qiymətləndirməli idi.
– Baş hakim Əliyar Ağayev dünya və Avropa səviyyəli oyunları idarə edən təcrübəli FIFA referisidir. Belə bir baş hakimin səhvə yol verməsi sizdə hansısa fikir formalaşdırmır?
– Yenə deyirəm, baş hakim hansısa epizodu görməyə bilər. Bu, normaldır. Amma VAR-da əyləşən hakimlər həmin epizodu incələyirlərsə, ən azından baş hakimi monitor qarşısına çağırmalıdırlar ki, baxıb qiymətləndirsin. Oyun zamanı epizod onun gözündən qaçıbsa, VAR bunu görməlidir. Mən özündən də soruşdum, dedi ki, görməyib. Mən də bildirdim ki, heç olmasa VAR-a yaxınlaşsın. Əvvəlki oyunda da referini VAR-a çağırmadılar. Məncə, təmiz penalti verilmədi. İkinci oyunda da yenidən penalti qərarı verilmədi. Bunlar komandanın əziyyətinin boşa verilməsi anlamına gəlir. Üç xal qazana biləcəyimiz oyunda iki xal itiririk.
– Bəlkə, hakimləri VAR-a çağırıblar, özü getməyib? Bizim bəzi referilərdə belə hallar da olur…
– Mən ona bunu bildirdim. Amma “Məni çağırmalıdırlar, mən də getməliyəm. Çağırılmasam, özüm gedə bilmərəm” cavabını verdi. Yəni, çağırılmadığı üçün getmədi. Mənim fikrimcə, mütləq çağırılmalı və ən azından baxıb qiymətləndirməli idi. Özü baxmalı idi. Çünki biz oyundan sonra həmin epizoda baxdıq. Matçın gedişində görməmişdim, sonradan izlədim. Bu, təmiz penalti idi. Daha nə vaxt penalti verəcəklər? Gərək futbolçu topu əli ilə qapıdan çıxarsın? Başa düşə bilmirəm.
– Karyeranızla bağlı da danışmaq istərdik. Bir vaxtlar istedadlı futbolçu kimi tanınırdınız, sonra futboldan uzaqlaşdınız. İndi isə yenidən qayıtmısınız və demək olar ki, karyeranızın ikinci mərhələsini yaşayırsınız… (Müsahibənin II hissəsi 10 noyabr saat 10:00-da)
Elşən MƏMMƏDOV



No Comment! Be the first one.