Fərid Namazov: Səhv varsa, mənimlə bir yerdə bütün komandanın səhvidir
“İmişli”nin baş məşqçisi Fərid Namazov Misli Premyer Liqasının VI turunda səfərdə “Sabah”a 1:3 hesabı ilə məğlub olduqları oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib.
Sportify.az xəbər verir ki, mütəxəssis əvvəlcə “Sabah”ı təbrik edib və komandaya UEFA Çempionlar Liqasındakı çıxışında uğurlar arzulayıb.
“Əvvəla, xoş gəlmisiniz. Oyunla bağlı ilk növbədə “Sabah” klubunu təbrik edirəm və onlara bu çətin yolda – Çempionlar Liqasında uğurlar arzulayıram. Orada dəstəkçiyik, liqada nə qədər rəqib olsaq da.
Oyuna gəldikdə, ağır keçəcəyini bilirdik. “Sabah” bəlkə də liqada ən sürətli futbol oynayan komandadır. Əsasən onların sürətli hücumlarını – istər keçidlərdə, əks-hücumlarda, istərsə də adi hücumların təşkilində sürətli olduqlarını bilirdik və maksimal dərəcədə qarşısını almağa çalışırdıq. Hücum vaxtı hücumdakı saylarını bilərək daha kompakt oynayıb, düzgün müdafiə olunaraq epizodlarda rəqibi əks-hücumlarda yaxalamağa çalışırdıq.
Fikirləşirəm ki, birinci hissədə 2-3 epizodumuz oldu. Düzdür, yarımçıq oldu, tam yekunlaşdıra bilmədik. Amma struktur olaraq birinci hissədə demək olar, fikirləşdiyimizi etdik. Sadəcə iki qolun ikisi də, demək olar, konsentrasiya çatışmazlığından oldu. Bilirdik ki, biz oturduğumuz təqdirdə daha çox uzaqdan zərbələrdən istifadə edəcəklər. Çünki futbolun qanunudur, oturan komandaya qarşı daha çox uzaq zərbələrdən istifadə edilir. Düzdür, “Sabah”ın heyətində kifayət qədər keyfiyyətli oyunçular var ki, bu boşluqlardan, yəni bir saniyə belə olsa, istifadə etsinlər.
İkinci hissəyə isə daha fərqli başladıq. Fikirləşirəm, ikinci hissədə daha çox topa nəzarəti saxlamağa çalışdıq. Yenə deyirəm, rəqib “Sabah” da olsa, “Neftçi” də olsa, “Qarabağ” da olsa, istəmirik oyun planından kənara çıxaq. Bizim indiki hədəfimiz daha çox oyun planını oturtmaqdır – istər hücum baxımından, istər müdafiə baxımından istədiklərimizi formalaşdırmaqdır. Fikirləşirəm ki, növbəti milli komanda fasiləsi də bizim üçün bunun baxımından xeyirli olacaq. Xeyrini görəcəyik”, – deyə mütəxəssis bildirib.
Baş məşqçi komandanın bütün rəqiblərə qarşı eyni oyun planı ilə çıxmasının nəticələrə təsiri barədə suala da cavab verib.
“Əgər komandada bir struktur, bir iş yoxdursa, 20 tur da keçsə, nəsə görünməyəcək və nəticə də alınmayacaq. Bizim istəyimiz daha çox nələrisə oturdub, ondan sonra bu perioda keçməkdir. Çünki nələrisə görməmiş bu sözləri deyə bilmərəm. Hətta belə deyim, 10-cu turdan sonra tam olaraq nələrsə görünəcək.
Fikirləşirəm ki, indinin özündə belə, əsasən də hücum planında bəlli işlərimiz var. Bəzən keyfiyyət baxımından nələrisə sonluğuna çatdıra bilmirik, istədiyimizlə üst-üstə düşmür. Amma rəhbərliyin də istəyi odur ki, əlbəttə, hər kəs nəticə qazanmaq istəyir – istər məşqçi, istər rəhbərlik. Amma bu, hansısa bir iş olmadan, təsadüfi şəkildə mümkün deyil ki, hansısa oyunu udasınız.
Yenə deyirəm, fikirləşirəm ki, keçən oyunda, hansı ki, 25-ci dəqiqədən sonra verdiyimiz reaksiya yaxşı idi. Bu oyunda da əsasən ikinci hissədə verdiyimiz reaksiya yaxşı idi və gələcəyə ümid verir. Amma əlbəttə, yaşayıb görəcəyik”, – deyə baş məşqçi vurğulayıb.
F.Namazov qapıçı Sadiq barədə verilən suala da münasibət bildirib.
“Fikrimcə, bizim son iki turdur Sadiq oynayır. Bu oyundan əvvəlki görüşdə Yusif İmanov qapıda dayanıb. Yusifin də ehtiyatda olmasının səbəbi performansı ilə bağlı deyil. Biz ilboyu – biri A milliyə namizəd qapıçıdır, biri isə U-21-in əsas qapıçısıdır – bu rotasiyaya gedəcəyik ki, tonusda qalsınlar. Hər ikisi bizim üçün vacibdir.
Yəni fikirləşmirəm ki, səhv Sadiqin idi. O, epizodu ümumiyyətlə görməyib. Özü ilə də danışdım. Gələn zərbəni görməmişdi. Qapıçını günahlandırmaq istəməzdim. Əgər səhv varsa, çünki onu irəli göndərən mən idim. Mən göndərdim onu son dəqiqələrə, çünki 2:1 uduzmaqla 3:1 uduzmaq arasında böyük bir fərq yoxdur.
Razıyam sizinlə ki, çox qol buraxan komandalardan biriyik. Amma 92-ci dəqiqədə şansımız var idi. Orada, məncə, problem Sadiqdən dərhal başqa oyunçudan başladı. Yəni o olsaydı, bəlkə də başqa cür olardı və struktur itirdik orada ki, rəqib əks-hücumda bizi yaxaladı. Əks-hücuma qarşı hazırlıqsız idik.
Dediyim kimi, mən oyunçuda belə günah görmürəm. Hər ikisinə inanırıq və səhvlərin olması normaldır. “Sabah” yenə deyirəm, Çempionlar Liqasında oynayır və bu sürətdə oynayır. Onlara qarşı gözlədiyimiz əslində təzyiq idi.
Əlbəttə, səhvlərdən nəticə çıxarmaq lazımdır, istər Sadiqin səhvi, istər də digərlərinin səhvi. Amma bunu bir nəfərin üstünə atmazdım. Səhv varsa, mənimlə bir yerdə bütün komandanın səhvidir”, – deyə F.Namazov qeyd edib.
Baş məşqçi son dəqiqələrdə qapıçının irəli göndərilməsi ilə bağlı məqama da aydınlıq gətirib.
“Orada dəqiqə ilə bağlı sual verdim. Dəqiqəni tam bilmədim. Çünki mən epizoda baxırdım. Özləri dedilər ki, 92-ci dəqiqədir. Ona görə bir dəqiqə qalmışdı və qırmızı vərəqəyə görə Kamal bir dəqiqə artırmışdı. Əslində vaxt 92-ci dəqiqə idi, Kamal bir dəqiqə əlavə etmişdi. Ona görə fikirləşdim ki, risk etməyə dəyər.
Amma problem Sadiq də daxil olmaqla, oradakı əks-hücuma qarşı strukturda idi. Onu düzgün qurmadıq deyə əks-hücumda qol buraxdıq”, – deyə 34 yaşlı çalışdırıcı qeyd edib.



No Comment! Be the first one.