FIA-nın prezidenti: Bakıda tarixi irs və müasir memarlıq bir-birini tamamlayır
“Biz Bakıya gəlməyi çox sevirik. Bakı Şəhər Halqası (BŞH) unikal trekdir və həqiqətən möhtəşəmdir”.
Sportify.az xəbər verir ki, bu sözləri Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd bin Sulayem Azərbaycanın 10-cu dəfə ev sahibliyi etdiyi Formula 1 yarışı ilə bağlı danışarkən deyib.
“Burada tarixi irs və müasir memarlıq bir-birini tamamlayır. Bu trek pilotlar qarşısında fərqli və çətin çağırışlar qoymaqla yanaşı, tamaşaçılara da maraqlı yarış izləmək imkanı yaradır”, – deyə FIA prezidenti Formula 1 Azərbaycan Qran Prisində iştirak edərkən bildirib.
Onun sözlərinə görə, bu gün avtomobil idmanı yalnız pilotların trasdakı mübarizəsindən ibarət deyil. Formula 1 eyni zamanda biznes, turizm və əyləncə baxımından da böyük əhəmiyyət daşıyır: “İdman artıq əvvəlki kimi yalnız pilotlar arasında rəqabətdən ibarət deyil. Bu, böyük biznesdir, turizmdir, rəqabətdir və əyləncədir. Azərbaycan bütün bunları özündə birləşdirir. Bu səviyyənin qorunub saxlanılması və daim inkişaf etdirilməsi münasibətilə Azərbaycanı təbrik edirəm”.
FIA prezidenti Azərbaycanın Formula 1 ilə əməkdaşlığının gələcəyinə də toxunaraq, ölkənin bu istiqamətdə uzunmüddətli yanaşmasını müsbət qiymətləndirib: “Burada gələcəyə hesablanmış planların olduğunu görürəm. Bu, təkcə idman üçün deyil, ölkə üçün də vacibdir. Buna görə də bizim tam dəstəyimiz var”.


No Comment! Be the first one.