Azər Salahlı: Sayılmayan qol epizodunda hakim oyunu davam etdirə bilərdi
“İmişli”in futbolçusu Azər Salahlının “Kəpəz”ə 0:1 hesabı ilə məğlub olduqları Misli Premyer Liqası X tur matçından sonra Sportify.az-a müsahibəsi:
– Oyunla bağlı fikirləriniz necədir?
– Oyunun çətin keçəcəyini bilirdik. Özünüz də bilirsiniz ki, “Kəpəz”in çox yaxşı azarkeşləri var və onlar bu gün də bunu göstərdilər. Stadionda gözəl futbol ab-havası, əla atmosfer var idi. Burada oynamaq həqiqətən də xoş idi. Əlimizdən gələni etdik, yaxşı qol epizodlarımız da oldu. Sadəcə, təəssüf ki, rəqib gözəl qol vuraraq qələbə qazandı. Namiqi da təbrik edirəm.
– Komandanızın sayılmayan qolu ilə bağlı epizodu sonradan izləmisinizmi? Bu qərar barədə nə düşünürsünüz?
– Bəli, epizodu izləmişəm. Düşünürəm ki, hakim oyunu davam etdirə bilərdi. Top havada olarkən, əgər şübhəli məqam var idisə, dərhal fit çalaraq oyunu dayandırmaq, məncə, bir qədər yanlış qərar idi. Ən azı epizodu davam etdirmək, daha sonra VAR vasitəsilə yoxlayaraq qolu ləğv etmək və ya qüvvədə saxlamaq olardı. Mənim etirazım məhz bununla bağlı idi. Həmin epizodda cüzi təmas ola bilər, amma düşünürəm ki, bunun oyunun gedişinə ciddi aidiyyəti yox idi.
– Komandanın potensialını necə qiymətləndirirsən? Səncə, daha yüksək pillələr uğrunda mübarizə apara bilərsiniz?
– Oyundan-oyuna daha yaxşı futbol nümayiş etdirdiyimizi düşünürəm. Komandamız bu gün də xarakter göstərdi. İnanıram ki, qarşıdakı oyunlarda daha yaxşı çıxış edə biləcəyik. Buna qadirik.
Həşim MƏMMƏDOV



No Comment! Be the first one.