Hakimə rüşvət aldığı üçün 15 illik cəza verildi
Çexiyalı keçmiş futbol hakimi Simon Veytasa rüşvət qalmaqalına görə 15 il müddətinə diskvalifikasiya edilib və 150 min Çexiya kronu (təxminən 12 min manat) məbləğində cərimələnib.
Sportify.az xəbər verir ki, Çexiya Futbol Assosiasiyasının Etika Komissiyası 33 yaşlı hakimi “Baník” klubunun ehtiyat komandasının iştirakı ilə keçirilən üç oyunla bağlı korrupsiya pozuntularında təqsirli bilib.
Araşdırma 2021–2023-cü illərdə üçüncü divizionda keçirilən qarşılaşmaları əhatə edib. Komissiyanın qənaətinə görə, Veytasa iki oyuna təsir göstərmək müqabilində rüşvət alıb, daha bir qarşılaşma ilə bağlı isə qanunsuz ödənişi qəbul etməyə razılaşıb.
Söhbət 17 oktyabr 2021-ci ildə keçirilən “Baník” B – “Znojmo” (2:4), 2 oktyabr 2022-ci ildə baş tutan “Baník”in ehtiyat komandası – “Frýdek-Místek” (3:1) və 2023-cü ilin sentyabrında oynanılan “Start” (Brno) – “Baník” B (2:1) matçlarından gedir.
İşdə “Start” klubunda da çalışmış keçmiş futbol funksioneri Yakub Prokeşin adı hallanır. Federasiyanın versiyasına əsasən, o, “Fridek-Mistek”lə görüşə təsir göstərməsi üçün Veytasaya pul vəd edib.
Bununla belə, assosiasiyanın açıqlamasında hakimin təqsirini təsdiqləyən konkret sübutlar və ehtimal olunan rüşvətin məbləği açıqlanmayıb.
Veytasa ittihamları rədd edir və qərardan şikayət vermək niyyətindədir. O, hazırda “Olomouts” xokkey klubunda marketinq meneceri vəzifəsində çalışır.
Qeyd edək ki, bu iş Çexiya futbolunda 2026-cı ilin martında başlayan genişmiqyaslı korrupsiya araşdırmasının tərkib hissəsidir. Araşdırma müxtəlif divizionlarda, o cümlədən gənclər yarışlarında keçirilən onlarla oyunu əhatə edir. Ehtimal olunan danışılmış oyunlarla bağlı polis də araşdırma aparır.



No Comment! Be the first one.