Harri Keyn ağır zədə ald
Almaniya klubu “Bayern Münhen”in hücumçusu Harri Keyn ağır zədə səbəbindən bir neçə ay yaşıl meydanlardan uzaq qalacaq.
Sportify.az xəbər verir ki, ingiltərəli futbolçu Bundesliqanın “Köln”lə 1:1 hesablı heç-heçə başa çatan matçında sol topuğunun bağlarını zədələyib.
Hadisə görüşün ilk hissəsində baş verib. Keyn Maykl Olizenin ötürməsini qəbul etməyə çalışarkən rəqib müdafiəçi Joel Şmied topa ondan əvvəl çatıb və hücumçunun sol ayağına zərbə dəyib. 33 yaşlı futbolçu ağrıdan yerə yıxılıb və 20-ci dəqiqədə həkimlərin köməyi ilə meydanı tərk edib.
Tibbi müayinələrdən sonra “Bayern” futbolçunun topuq bağlarında ciddi yırtıq olduğunu açıqlayıb. Klubun idman direktoru Maks Eberl Keynin təxminən üç ay yaşıl meydanlardan kənarda qalacağını gözləyir.
Bu itki Münhen təmsilçisinin heyətindəki problemləri daha da artırıb. Belə ki, komanda artıq Luis Dias, İsmail Səibari, Serj Qnabri və Alfonso Deyvis kimi futbolçuların xidmətindən yararlana bilmir. Bundan başqa, Maykl Olise də “Köln”lə matçın fasiləsində zədə səbəbindən əvəzlənib.
Baş məşqçi Vinsent Kompani vəziyyətin çətinliyini etiraf edib:
“Bunlar dünya səviyyəli futbolçulardır və onları əvəz etmək mümkün deyil. Ancaq bizim öz mentalitetimiz var və indi bunu göstərməliyik. Bu təzyiqə hələ öyrəşməyən oyunçulardan möhtəşəm performans gözləyirik. Hamımız birlikdə bu vəziyyəti üstünlüyə çevirməyə çalışacağıq”.
Keynin zədəsi “Bayern”in Çempionlar Liqasındakı planlarına da təsir edə bilər. Hücumçunun turnirin Liqa mərhələsində qalan dörd oyunu buraxacağı gözlənilir. Onun fevralda başlayacaq pley-off mərhələsinə qədər sıraya dönüb-dönməyəcəyi isə hələlik məlum deyil.
İngiltərə millisi də kapitanının vəziyyətini diqqətlə izləyəcək. Keynin martın sonunda Norveçə qarşı UEFA Millətlər Liqasının 1/4 final mərhələsinin oyunlarına qədər hazır olması arzu edilir.



No Comment! Be the first one.