Jali Muaddib: Onlar "təmiz qoldur" deyir, biz isə gülürdük - MÜSAHİBƏ
“Qarabağ”ın futbolçusu Jali Muaddib səfərdə “Sabah”la qolsuz heç-heçə etdikləri Misli Premyer Liqasının IX tur matçından sonra Sportify.az-a eksklüziv müsahibə verib.
– Oyunla bağlı fikirləriniz necədir?
– Çox yaxşı oyun alındı. Rəqibin yüksək səviyyədə çıxış etdiyini gördük. Məncə, biz də yaxşı oynadıq və 0:0 hesablı heç-heçə ədalətli nəticə oldu.
– VAR yoxlaması zamanı rəqib futbolçu ilə danışırdınız. Ona nə izah etməyə çalışırdınız?
– Onlar təmiz oyunun olduğunu deyir, biz isə sadəcə gülürdük. Rəqib futbolçular iddia edirdilər ki, top ələ dəyib, amma o anda futbolçu əlini hərəkət etdirə bilmədiyi üçün bu, qayda pozuntusu sayılmır. Mən də dedim ki, eyni vəziyyət bizim başımıza gəlsəydi, siz qayda pozuntusu tələb edərdiniz. Yəni, sadəcə zarafatlaşırdıq.
– Həm sizin azarkeşlərin, həm də rəqib komandanın azarkeşlərinin dəstəyini necə qiymətləndirirsiniz?
– Atmosfer çox yaxşı idi. “Sabah”ın azarkeşləri ilə müqayisədə bizim fanatlarımızın səsini daha çox eşidirdim. Ümumiyyətlə, belə atmosferdə oynamaqdan zövq aldım.

– Artıq I dövrə başa çatmaq üzrədir. “Neftçi” və “Sabah”la son oyunlarınız heç-heçə ilə yekunlaşıb. Çempionatın ikinci hissəsinə başlayarkən bu oyunlarda itirilən xallar mövsümün sonunda çempionluq mübarizəsinə təsir edə bilərmi?
– Hazırda komandalar arasında xal fərqi çox azdır. Buna görə də heç-heçələrin böyük problem olduğunu düşünmürəm. Lakin mövsümün qalan hissəsində səhvlərdən qaçmalı və qələbə qazanmalı olduğumuz oyunlarda üç xal əldə etməliyik.
– Azərbaycana uyğunlaşma prosesiniz necə gedir: Buradakı insanlar haqqında nə deyə bilərsiniz?
– Azərbaycanı bəyənirəm, burada hər şey çox yaxşıdır. İnsanlar çox mehriban olduqları üçün ölkəyə tez uyğunlaşdım. Buna görə də adaptasiya olmaq mənim üçün çətin olmadı. Burada xoşbəxtəm.
– Azərbaycan mətbəxi haqqında nə düşünürsünüz: Burada hansı yeməkləri sevirsiniz?
– Yemək yeməyi sevirəm, amma özümü bir qədər məhdudlaşdırmalıyam. Çünki həddindən artıq yesəm, kökələrəm, sonra da məni öldürərlər (gülür – red.).
– Bəs xüsusilə sevdiyiniz bir yemək varmı?
– Bir dəqiqə, bir dəqiqə, demişdim axı… (gülür – red.).
– Azərbaycan dilində bir neçə söz deyə bilirsinizmi?
– “Yaxşı”.
Bahar RÜSTƏM



No Comment! Be the first one.