Klublarımızın Avropa kuboklarındakı təqvimi bəlli oldu
2026/2027-ci mövsümündə Avropa kuboklarında mübarizə aparacaq Azərbaycanın voleybol klublarının oyun proqramı müəyyənləşib.
Sportify.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Qadın voleybolçulardan ibarət “Turan” komandası CEV Çempionlar Liqasının ikinci təsnifat mərhələsində mübarizə aparacaq. Bu klub ilk oyununu oktyabrın 20-də saat 19:00-da Tovuz Olimpiya İdman Kompleksində Xorvatiyanın “Mladost” (Zaqreb) klubuna qarşı keçirəcək. Cavab qarşılaşması oktyabrın 29-da saat 20:00-da Zaqrebdə baş tutacaq.
Çempionlar Liqasında Azərbaycanın digər təmsilçisi “Xilasedici”nin kişilərdən ibarət komandasıdır. Bakı klubu ilk görüşündə noyabrın 3-də saat 18:00-da Fövqəladə Hallar Nazirliyinin (FHN) idman zalında Portuqaliyanın “Sportinq” (Lissabon) kollektivini qəbul edəcək. Cavab oyunu noyabrın 11-də saat 19:30-da Lissabonda keçiriləcək.
CEV Çelenc Kubokunun 1/32 final mərhələsində çıxış edəcək “DH Volley”nin qadınlardan ibarət komandası isə ilk matçını oktyabrın 27-də saat 19:00-da Danimarkada “Holte” klubuna qarşı keçirəcək. Cavab görüşü noyabrın 5-də saat 18:00-da Bakıda, FHN-in idman zalında olacaq.
Turnirdə mübarizə aparacaq “Ordu”nun kişi voleybolçulardan ibarət komandası ilk oyununda noyabrın 11-də saat 19:30-da səfərdə Norveçin “Forde” klubu ilə qarşılaşacaq. Cütün cavab matçı noyabrın 19-da saat 18:00-da Bakıda, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq.



No Comment! Be the first one.