Koke “Atletiko”da 750-ci rəsmi oyununu keçirib
İspaniya klubu “Atletiko”nun yarımmüdafiəçisi və kapitanı Koke Madrid klubunun heyətində 750-ci rəsmi matçına çıxıb.
Sportify.az xəbər verir ki, bu barədə İspaniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Tarixi qarşılaşma noyabrın 3-də UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda “Bavariya”ya qarşı keçirilən oyuna təsadüf edib.
Koke “Atletiko” tarixində ən çox oyun keçirən futbolçudur. O, bu göstəricidə ən yaxın izləyicilərini təxminən 200 matç qabaqlayır. Klub tarixində ikinci yeri qapıçı Yan Oblak və sabiq yarımmüdafiəçi Adelardo Rodriges bölüşür. Hər iki futbolçunun aktivində 553 oyun var.
Bundan əlavə, cari mövsüm Koke üçün “Atletiko”nun əsas komandasında 18-ci mövsümdür. Bu göstərici ilə də o, 17 mövsüm Madrid klubunun formasını geyinmiş Adelardonu geridə qoyaraq birinci pilləyə yüksəlib.
Koke bütün peşəkar karyerasını “Atletiko”da keçirib. Hazırda Dieqo Simeonenin rəhbərliyi altında çıxışını davam etdirən kapitanın komandası növbəti oyununu noyabrın 8-də İspaniya çempionatında “Barselona”ya qarşı keçirəcək.



No Comment! Be the first one.