Konrad Fyunfştyuk: Azərbaycan yığması favoritdir
“Azərbaycan millisinin favorit olduğunu bilirik. Rəqibimizi hərtərəfli təhlil etmişik və oyuna hazırlaşmışıq”.
Sportify.az xəbər verir ki, bunu Lixtenşteyn milli komandasının baş məşqçisi Konrad Fyunfştyuk Azərbaycan yığmasına qarşı keçiriləcək UEFA Millətlər Liqasının oyunu öncəsi mətbuat konfransında deyib.
Almaniyalı mütəxəssis bildirib ki, iki müxtəlif ölkədə keçirilən iki milli oyun arasında komandanın bərpası üçün çox az vaxt olub: “Bazar günü Malta ilə oynamışıq. Üç gün ərzində növbəti oyuna hazırlaşmalı olmuşuq. Bu, bizim üçün çox intensiv dövrdür. Buna baxmayaraq, rəqibimizi kollektiv şəkildə təhlil etmiş və qarşılaşmaya hazırlaşmışıq. Ümid edirik ki, yaxşı nəticə əldə edəcəyik”.
45 yaşlı çalışdırıcı Azərbaycanın son oyunlarını, xüsusilə Litva ilə qarşılaşmasını diqqətlə izlədiklərini vurğulayıb. O, rəqibinin orta sahədə yaxşı təsir bağışladığını qeyd edib.
Baş məşqçi komandanın düşərgəsində zədəli futbolçunun olmadığını da bildirib: “Şükürlər olsun ki, heyətimizdə zədəli oyunçu yoxdur. Bura gəldikdən sonra əsas məqsədlərimizdən biri futbolçuların səfərdən sonra bərpasını təmin etmək idi. Buna nail olmuşuq və hazırda bütün oyunçularımız qarşıdakı matça yaxşı hazırlaşıblar”.
Lixtenşteyn millisinin heyətində futbolçuların əsasən müxtəlif peşələrə sahib olması ilə bağlı suala cavabında mütəxəssis bildirib ki, bu baxımdan ölkəsində vəziyyət əvvəlki illərdən ciddi şəkildə dəyişməyib.
“25 il əvvəlki vəziyyətdən fərqli olaraq, bu gün də Lixtenşteyndə futbolçuların böyük hissəsi müxtəlif peşələrə sahibdir. Azərbaycan millisinin oyunçuları isə Çempionlar Liqası səviyyəsində çıxış edirlər. Biz bunu bilirik və rəqibimizi hərtərəfli təhlil etmişik. Əsas və ehtiyat heyətdə müxtəlif peşələri olan futbolçularımız var”, – deyə baş məşqçi əlavə edib.
O, komandasının son oyunlardakı nəticələrinə deyil, öz oyununu göstərməyə fokuslandığını söyləyib: “Lixtenşteyn kiçik ölkələrdən biridir. Ölkəmizin əhalisi təxminən 40 min nəfərdir. Azərbaycan millisində isə Çempionlar Liqası səviyyəsində çıxış edən futbolçular var. Təbii ki, bu oyunun favoriti Azərbaycan millisidir. Lakin biz yalnız nəticəyə köklənmirik. Hər oyunda əlimizdən gələni etməyə, özümüzü ən yaxşı şəkildə göstərməyə çalışırıq. İstəyirik ki, sabahkı Azərbaycan – Lixtenşteyn oyununa baxan azarkeşlər bizim də yaxşı komanda olduğumuzu görsünlər və qarşılaşmadan zövq alsınlar”.



No Comment! Be the first one.