“Mançester Yunayted”in “Sabah”la oyununda het-trik etdi, tarixə düşdü
İngiltərə “Mançester Yunayted”inin 15 yaşlı futbolçusu Cey Cey Qabriel UEFA Gənclər Liqasının ilk turunda “Sabah”ın U-19 komandasına qarşı keçirilən oyunda het-trik edib.
Sportify.az xəbər verir ki, İngiltərə klubu Azərbaycan təmsilçisini 5:0 hesabı ilə məğlub edib.
Qabriel 45, 85 və 87-ci dəqiqələrdə fərqlənərək komandasının qələbəsində əsas pay sahiblərindən olub.
Bu nəticə ilə istedadlı hücumçu Avropa turnirlərində “Mançester Yunayted” forması ilə het-trik edən ən gənc futbolçu adını qazanıb. Qabriel bu uğura 15 yaş 339 günlüyündə nail olub.
Gənc hücumçunun çıxışı onun əsas komandaya mümkün keçidi ilə bağlı müzakirələri də artırıb. Qabriel cari mövsümdə baş məşqçi Maykl Karrikin rəhbərlik etdiyi əsas komandada debüt edə bilər.
İngiltərə Premyer Liqasının qaydalarına əsasən, futbolçu mövsümün başladığı il avqustun 31-dək ən azı 15 yaşında olmalıdır. Qabriel bu şərtə uyğun gəldiyindən 2026/2027 mövsümündə Premyer Liqada meydana çıxa bilər.
Karrik ona 16 yaşını tamamlamamışdan əvvəl şans verərsə, Qabriel “Mançester Yunayted”in əsas komandasında debüt edən ən gənc futbolçu ola bilər.
Qeyd edək ki, Jozef Junior Andreu Qabriel mövsümöncəsi hazırlıq prosesində klubun əsas komandasında da iştirak edib.
Bu arada, gənc futbolçunun “Instagram” hesabındakı bütün fotolarını silməsi də diqqət çəkib. Bunun səbəbi ilə bağlı Qabriel və ya klub tərəfindən hər hansı açıqlama verilməyib.
“Mançester Yunayted” akademiyasında gənc futbolçuların əsas komandaya uyğunlaşdırılması istiqamətində də dəyişikliklər edilib. U-18 komandasının baş məşqçisi Adam Lourens 4-3-3 taktiki sxemindən 4-2-3-1 düzülüşünə keçib. Bu sistem əsas komandada Karrikin tətbiq etdiyi taktika ilə eynidir.
Qabrielin də “10 nömrə” mövqeyində oynamağa uyğunlaşdırıldığı bildirilir.



No Comment! Be the first one.