Mateuş Koxalski: Bura gələndə, sadəcə, adi qapıçı idim - MÜSAHİBƏ
“Qarabağ”dan ayrılan Mateuş Koxalski “Araz-Naxçıvan”ı 3:2 hesabı ilə məğlub etdikləri Misli Premyer Liqasının IV tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Sportify.az xəbər verir ki, polşalı qapıçı komandadan ayrılma qərarından, “Qarabağ”dakı karyerasından, azarkeşlərdən və ən yaddaqalan oyunlarından danışıb:
– Əvvəlcə sizin üçün xüsusi oyun barədə fikirlərinizi bildirərdiniz…
– Mənim üçün ən xüsusi matç oynadığım son matç idi. Düşünürəm ki, bu oyunda “Qarabağ” 3 xal qazanması və çempionluq yoluna davam etməsi üçün ən vacib olanı etdi.
– “Qarabağ”dan ayrılma qərarını necə qəbul etdiniz?
– Əminəm ki, hazırda “Qarabağ”ın iki yaxşı qapıçısı var – Martin və Şahrudin. Düşünürəm ki, mənim getməyim üçün yaxşı zamandır, çünki “Qarabağ” etibarlı əllərdədir. Bu, heç vaxt asan deyil, amma bu mənim qərarımdır və düşünürəm ki, hər kəs üçün yaxşı olacaq.
– Bu qərarı avrokubok oyunlarında çıxış etdiyiniz zaman vermişdiniz, yoxsa daha əvvəl ayrılmağı düşünürdünüz?
– Bu qərarı mövsümöncəsi, yəni ötən mövsümdən sonra vermişdim. Bir şeyi deyə bilərəm: Bilmirəm bunu yaxşı izah edə biləcəyəm, ya yox, amma mənim həyatımda, məsələn, təkcə futbol ən vacib şey deyil və pul da ən vacib şey deyil. Həyat və ailəm mənim üçün daha önəmlidir. Hər gün səhərdən axşama qədər vacibdir. Ona görə də bu qərarı verdim.
– “Qarabağ”da çoxlu vacib oyunlar keçirmisiniz. Azarkeşlər haqqında nə düşünürsünüz? Onlara son sözləriniz nədir?
– Hər şey üçün təşəkkür edirəm. Mən buradan nəyinsə səhv olduğu üçün ayrılmıram. Mən Azərbaycanı sevirəm, buradakı insanları sevirəm. Burada tanış olduğum bütün insanlar mənə kömək etdilər, mənə hər şeyi verdilər. Bura gələndə mən adi bir qapıçı idim, amma indi hamı məni tanıyır. Siz məni daha böyük etdiniz və buna görə bütün dəstəyiniz üçün təşəkkür etmək istəyirəm.
– “Qarabağ” karyeranızda ən unudulmaz oyun hansı olub?
– Çempionlar Liqasında “Napoli” ilə səfər oyununu deməyəcəyəm, çünki uduzduq. Bəlkə də “Çelsi” ilə evdə keçirdiyimiz görüş yaxşı idi. Böyük komandaya, Premyer Liqa komandasına qarşı oynadıq. Düşünürəm ki, bütün futbolçular bu səviyyədə oynamaq arzusundadır. Ona görə də bəlkə bu oyun. Amma indi bir oyunu demək mənim üçün çətindir. Çoxlu yaxşı oyunlarım olub.
– Bir neçə dəfə İngiltərə Premyer Liqasında oynamaq istədiyinizi bildirmişdiniz. Sizcə, “Qarabağ”dan ayrılmaq qərarını bir qədər gec vermədiniz?
– Bəlkə də. Amma indi vəziyyət çətindir, çünki biz yalnız çempionatda oynayırıq. Hazırda oynamaq istəyən üç qapıçı var: mən, Martin Zlomisliç və Şahrudin Məhəmmədəliyev. Düşünürəm ki, yalnız çempionat və Azərbaycan Kuboku üçün üç qapıçıya çox yer yoxdur. Ona görə də ayrılmaq üçün yaxşı zamandır.
– Daha böyük bir kluba transfer olunacağınızı gözləyirdik. Bizim fikrimizcə, daha böyük klubda oynamağa layiq idiniz…
– Təşəkkür edirəm, amma daha böyük kluba getmək üçün heç bir variantım yox idi.
– “Qarabağ”ın Çempionlar Liqasından və digər Avropa kuboklarından kənarda qalması sizin qərarınıza təsir etdi?
– Xeyr. Daha əvvəl dediyim kimi, bu qərarı əvvəlcədən, mövsümöncəsi vermişdim.
– “Qarabağ”dakı karyeranızı bir neçə sözlə necə ifadə edərdiniz?
– Möhtəşəm təcrübə idi. Burada özümü məşhur insan kimi hiss edirəm. Şəhərə çıxanda hər 5 dəqiqədən bir kimsə yanıma gəlir və şəkil çəkdirmək istəyir. Mənim üçün çox, çox yaxşı və çox gözəl idi.
– Gələcəkdə yenidən Azərbaycana – “Qarabağ”a qayıtmaq istərdiniz?
– Gələcəkdə nə baş verəcəyini görəcəyik.



No Comment! Be the first one.