Mateuş Koxalski: Məni düzgün başa düşməyiblər
“Qarabağ”ın sabiq qapıçısı Mateuş Koxalski Azərbaycanda keçirdiyi dövrlə bağlı açıqlamalarının yanlış anlaşıldığını bildirib.
Sportify.az-ın məlumatına görə, Polşa millisinin qapıçısı son günlər onunla bağlı səsləndirilən fikirlərə aydınlıq gətirib.
26 yaşlı qolkiper bildirib ki, bəzi klubların onun əvvəlki müsahibələrində səsləndirdiyi fikirlərə görə transferdən imtina etdiyini eşidib: “Bilmirəm, amma eşitmişəm ki, mənimlə maraqlanan bir neçə klub əvvəlki müsahibələrdə dediklərimə görə məndən imtina edib. Sözlərimdən belə nəticə çıxarıblar ki, ölkəmdən uzaqda özümü pis hiss edirəm. Amma məni düzgün başa düşməyiblər. Bəli, Bakıda nişanlım, ailəm və çox bağlı olduğum itim üçün darıxırdım. Nişanlım yanıma gəlirdi, amma bütün vaxtı mənimlə qala bilmirdi. Mən futbolun həyatımda ən vacib şey olduğu insan deyiləm. Mənim üçün ailə, yaxınlarımla əlaqə daha vacibdir. Amma bu, yalnız Ekstraklasada oynaya biləcəyim anlamına gəlmir. Avropaya tamamilə açığam. Oradan Polşaya daha yaxın olmaq və yaxınlarımın məni ziyarət etməsi daha asandır. Azərbaycan isə artıq Avropa ilə Asiyanın sərhədində yerləşir”.

Koxalski iki il əvvəl Polşanın “Stal Melets” komandasındakı uğurlu mövsümdən sonra “Qarabağ”a transfer olunduğunu, daha sonra Azərbaycan klubunda Çempionlar Liqasında diqqət çəkən oyunlar keçirdiyini xatırladıb.
Polşalı qapıçı “Qarabağ”ın heyətində 41 liqa oyununda iştirak edib və 19 qarşılaşmada qapısını toxunulmaz saxlayıb. O, Çempionlar Liqasında da 10 oyunda meydana çıxıb.
Koxalski hazırda Polşa millisinin düşərgəsindədir və bu, onun əsas yığmada altıncı toplanışıdır. Qapıçı hələ milli komandada debüt etməyib.
Kamil Qrabaranın zədələnməsindən sonra Koxalski qapıçılar iyerarxiyasında bir pillə irəliləyib və hazırda onun qarşısında yalnız Martsin Bulka var.
“Bu dəfə oynayıb-oynamayacağımı bilmirəm, amma buna tam hazır olduğumu hiss edirəm”, – Koxalski deyib.



No Comment! Be the first one.